Gömrük-biznes münasibətləri beynəlxalq standartlara uyğun şəkildə tənzimlənir (FOTO)


Digərləri 19 Okt 2018 16:52:00 200 0

Gömrük-biznes münasibətləri beynəlxalq standartlara uyğun şəkildə tənzimlənir (FOTO)

Dövlət Gömrük Komitəsində iş adamları ilə “Gömrük prosedurlarının sadələşdirilməsi üzrə təşəbbüslər” mövzusunda görüş keçirilib.

Bakı. Dövlət Gömrük Komitəsində (DGK) iş adamları ilə “Gömrük prosedurlarının sadələşdirilməsi üzrə təşəbbüslər” mövzusunda görüş keçirilib. DGK-dən Trend-ə verilən məlumata görə, gömrük-biznes əməkdaşlığı çərçivəsində təşkil olunan görüşdə DGK sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev, Komitə sədrinin müavinləri, Baş İdarə rəisləri, aidiyyəti qurumların əməkdaşları və “yaşıl dəhliz” buraxılış sistemindən istifadə edən sahibkarlar iştirak edib. Sahibkarlar qarşısında çıxış edən S.Mehdiyev bildirib ki, hazırda Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən daxili istehsalın, ölkənin ixrac və tranzit potensialının artırılması, qeyri-neft sektorunun inkişaf etdirilməsi üçün islahatlar həyata keçirilir. Bu islahatlar çərçivəsində gömrük orqanları qarşısında gömrük-biznes münasibətlərinin beynəlxalq standartlara uyğun şəkildə tənzimlənməsi, şəffaflığın tam təmin olunması, korrupsiya hallarının aradan qaldırılması, bir sözlə, münbit ticarət mühitinin yaradılması məqsədilə mühüm vəzifələr qoyulub. Qeyd edilən vəzifələrin icrası istiqamətində gömrük orqanlarının informasiya texnologiyalarından və elmin müasir nailiyyətlərindən yararlandığını söyləyən S.Mehdiyev, ticarətin asanlaşdırılması, biznes subyektlərinin məmnuniyyətinin maksimum dərəcədə təmin olunması istiqamətində innovativ layihələrin, yeni tətbiqlərin həyata keçirildiyini deyib. Bu yeniliklərdən birinin də “yaşıl dəhliz” buraxılış sisteminin olduğunu, artıq 60-a qədər biznes subyektinin “yaşıl dəhliz”dən istifadə etdiyini diqqətə çatdıran Komitə sədri sistemin faydaları barədə də məlumat verib. Bildirilib ki, “yaşıl dəhliz” buraxılış sisteminin imkanlarından yararlanan iş adamları mal və nəqliyyat vasitələri gömrük ərazisinə gətirilmədən öncə birbaşa öz ofislərindən və ya internetə çıxışı olan hər hansı məkandan qısa idxal bəyannamələrini elektron qaydada təqdim etməklə risklərin idarə olunması sisteminin tətbiqi ilə idxal etdikləri mal və nəqliyyat vasitələrini anbarlarına apara bilərlər. Bu isə vaxt itkisinin, əlavə xərclərin, məmur-vətəndaş təmasının aradan qaldırılmasına, ticarətin asan və sürətli şəkildə həyata keçirilməsinə imkan verir. Üstəlik, bu və digər layihələr gömrük orqanları ilə biznes nümayəndələri arasında qarşılıqlı inam və etibarın təmin olunmasına şərait yaradır.