Arvadını vəhşicəsinə döyən ərin sonu necə oldu?


Digərləri 19 Okt 2018 15:30:00 224 0

Arvadını vəhşicəsinə döyən ərin sonu necə oldu?

Tələbə vaxtlarım idi. Yaman dalaşqan, özündən tez çıxan xarakterim vardı. Ağlı bir kənara qoyub güc işlətməyi, həyatla təpikləşməyi sevirdim. Universitetdən evə gələndə qonşudakı qışqır-bağır səsini dinşədim. Sonra qeyri-ixtiyari yarıaçıq darvazadan içəri girdim. Mənim kimi kirayədə yaşayan, özü də bu məhəlləyə təzə köçən ailənin kişisi çəlimsiz arvadını döyürdü. Şığıdım üstünə, qadını əlindən alıb kənara çəkdim. Açığı, kişini ilk dəfəydi görürdüm. 40 yaşı olardı. Enli kürəyi, qabarlı əlləri, iri alnı vardı. Əvvəlcə onun "işinə" qarışmamağımı istədi, sonra başını qaşıya-qaşıya icazəsiz həyətlərinə girdiyimə görə səsini qaldırdı. Qadın evə girmişdi. Kişiylə mübahisəmiz kəskinləşdi, onu itələdim. Yıxıldı. Ayağa duran kimi bir də itələdim. Yenə yıxıldı. Hər itələdikcə fikrimdə onun nisbi gücünü hesablayırdım. 2-3 saniyədə belə qənaətə gəldim ki, bu yarıtmazın gücü ancaq sısqa arvadını şapalaqlamağa və bir qədər də cürətlənsə stol-stulu qırıb-dağıtmağa çatar. Mənimlə bacarmaz. Bu əminliyimə görə bir az da ürəkləndim. Qalxar-qalxmaz bir də itələdim. Bu dəfə gec qalxdı. Qışqırdı ki, rədd ol mənim xarabamdan. Barmağımı havada yellədim ki, gözlərim üstündədir ha. Dinmədi. Ara sakitləşdi.

Sonralar həmin evdə dava-şava olmadı. Bəlkə də mən görmədim. Amma həmin kişinin gözünü yaman qırmışdım. Məni görən kimi yolunu dəyişirdi. Özümü tanımadığım qadının qoruyucusu, mühafizəçisi, "hüquq müdafiəçisi" kimi apardığıma görə sevinirdim. Bəli, hərdən şiddəti şiddətlə dayandırmaqda da fayda var. Xüsusən, cansız, gücsüz, təhsilsiz qadınları qorumaq adına gücə əl atmalı olursan. Təhsil demişkən, 50 addımdan qadının təhsilsiz olduğu bilinirdi. Onun döyülməyinə görə susmağı (əslində, qışqırıb fəryad edirdi, mən başqa susmaqdan danışıram) qorxması, savadsızlığı, haqqını-hüqununu bilməməsiylə pərdələnmişdi. Nə vaxt bu məşum pərdəni qaldırırdısa, ərinin yumruğu alırdı başının üstünü.

Cəmiyyətimizdə, kif basmış mühitimizdə "ərdöyməsi" adlı diaqnoz getdikcə artır. Hələ açıb-ağardılan şikayətlər bu qədərdir, gizli qalanların, qonum-qonşunun dedi-qodusundan kənara yansımayanların sayı daha artıqdır. Bu cür kişilərin özlərinə haqq qazandırmaq məqsədilə danışdıqları psixoloji bəhanə adətən gərgin iş rejimi və yorğunluqla bağlıdır. Yəni, işim gərgin, maaşım az, müdirim deyingəndir. Bu amansız basqı mənim kişi heysiyyatımı qıcıqlandırır, quduzlaşdırır. Evə gəlib adi bir səhvin üstündə cumuram arvadıma. İş və sosial qayğılarımı unudanadək çırpıram onu. Sonra peşmançılıq çuğlayır bədənimi. Üzr istəməyə qürurum, könlünü almağa cibim əl vermir. Bəli, cibim! Cibim dolu olsa, başıboş, hədiyyəyə, naz-nemətə aldanan xanımımın başını qata bilərəm. Döyərəm, hədiyyəylə kiridərəm. Yenə döyərəm, yenə kiridərəm.

Şiddətsevər kişilərə olan münasibət isə cəmiyyət müstəvisində aşağı-yuxarı belədir: kişidir də, istəsə, arvadını döyər də, söyər də. Qınayanlar da var, amma necə? Əlin qurusun, bir az yavaş vurardın gərək. Söy, amma dədə-ana söyüşü olmaz. Belə çıxır ki, döyə də bilərsən, söyə də, bəzi xırda detallara əməl etmək şərtilə.