İtaliya Senatının sədri ADU-nun fəxri doktoru adı ilə təltif olunub


Digərləri 19 Okt 2018 15:27:22 264 0

İtaliya Senatının sədri ADU-nun fəxri doktoru adı ilə təltif olunub

Qonağa ali məktəbin fəxri doktoru diplomunun təqdimetmə mərasimi keçirilib.

Bakı. Oktyabrın 19-da XVIII Dünyada İtalyan dili həftəsi çərçivəsində Bakıda olan İtaliya Respublikası Senatının sədri Maria Elisabetta Alberti Kasellati Azərbaycan Dillər Universitetinin (ADU) Elmi Şurasının qərarına əsasən Azərbaycan və İtaliya arasında ictimai-siyasi, humanitar, elm və mədəniyyət sahələrində əlaqələrin möhkəmləndirilməsinə və iki ölkənin xalqları arasında dostluq əlaqələrinin gücləndirilməsinə verdiyi töhfələrə görə ADU-nun fəxri doktoru adı ilə təltif olunub. Universitetdən Trend-ə verilən məlumata görə, öncə ADU-nun rektoru Kamal Abdulla Maria Elisabetta Alberti Kasellati ilə görüşüb. Qarşılıqlı əlaqələrin müzakirə olunduğu görüşdən sonra qonağa ali məktəbin fəxri doktoru diplomunun təqdimetmə mərasimi keçirilib. ADU-nun rektoru akademik K.Abdulla qonağı universitetdə görməyin qürur hissi doğurduğunu bildirib. İtalyan dili həftəsinin bütün dünyada keçirildiyini deyən K.Abdulla universitetdə italyan dilinin tədrisinin 2001-ci ildən başladığını diqqətə çatdırıb: “Bundan sonra italyan dili kafedrası açıldı. Daha sonra italyan dili mərkəzi fəaliyyətə başladı. Bu gün də bizim həmkarlarımızın öz italiyalı həmkarları ilə müxtəlif universitetlərlə sıx qarşılıqlı əlaqəsi davam edir və bu əlaqələr həm Azərbaycan, həm İtaliya alimlərini daha da yaxınlaşdırır”. K.Abdulla Maria Elisabetta Alberti Kasellatinin ölkəmizə gəlməsinin münasibətlərin möhkəmlənməsinə və daha perspektivli olmasına zəmin yaratdığını bildirib. Rektor K.Abdulla qonağı ADU-nun fəxri doktoru adına layiq görülməsi münasibətilə təbrik edib, ona cansağlığı və siyasi fəaliyyətində uğurlar arzulayıb. İtaliya Respublikası Senatının sədri Maria Elisabetta Alberti Kasellati Azərbaycanda olmaqdan məmnunluq duyduğunu söyləyib. O, ADU-nun fəxri doktoru adı ilə təltif olunmağın böyük şərəf olduğunu dilə gətirib: “Məni bu ada layiq gördüyünüz üçün təşəkkürümü bildirmək istərdim. Azərbaycan Dillər Universitetinin fəxri doktoru adını almaq ona görə şərəfdir ki, rektor Kamal Abdullanın buradakı akademik prosesi yüksək səviyyədə təşkil etdiyini bilirik”.