Azərbaycanla Pakistan arasında ticarət və biznes potensialı


Digərləri 19 Okt 2018 13:32:00 231 0

Azərbaycanla Pakistan arasında ticarət və biznes potensialı

Hər hansı iki ölkə arasında iqtisadi və ticari əlaqələr onların münasibətindəki dinamikanı, mahiyyəti proqnozlaşdırmaq, təhlil etmək üçün sanki lakmus kağızıdır. Azərbaycanla Pakistan da ümumi tarixi, eyni dini dəyərləri bölüşür. Buna baxmayaraq, iki ölkə arasında ticarət dövriyyəsi cəmi 7,3 milyon dollardır.

Bakı ilə İslamabad gələcək 5 ildə bu göstəricinin 500 milyon dollara çatdırılması üçün əməkdaşlıq sazişi imzalayıb. Son onilliklərdə, yəni Azərbaycanla Pakistan arasında əlaqələrin qurulmasından bu yana onlar ticarət əlaqələrini ən yüksək səviyyəyə çatdırmağa çalışır. Ölkələr bunun üçün əllərindən gələni edir. Azərbaycanın 21-ci əsrin əvvəllərində böyük neft ölkəsinə, həmçinin iqtisadi cəhətdən güclü regional oyunçuya çevrilməsi iki ölkə arasındakı ticarət əlaqələrində yeni impuls olub. Ticarət münasibətlərini genişləndirmək məqsədilə Azərbaycan və Pakistanın İqtisadiyyat nazirlikləri arasında ikitərəfli investisiya əlaqələrinin inkişafı üzrə xüsusi işçi qrupu da yaradılıb. Son illərdə pakistanlı biznesmenlər Azərbaycana 4,2 milyon dollar investisiya qoyub. Azərbaycan iqtisadiyyatı pakistanlı biznesmenlər üçün bir çox sahədə böyük potensiala malikdir. Məsələn, idman məhsulları, dəri sənayesi, əczaçılıq, enerji, kənd təsərrüfatı ilə bağlı yüngül avadanlıqların istehsalı, kənd təsərrüfatı məhsullarının tədarükü sahəsi daxil olmaqla, bir çox sahədə birgə müəssisələr yaradıla bilər. Lakin 2018-ci ilin yanvar-iyun aylarında iki ölkə arasında ticarət dövriyyəsi 5,82 milyon dolar təşkil edib.

İki müsəlman qardaş ölkə Pakistanla Azərbaycan unikal ümumi tarixi, siyasi, dini dəyərləri bölüşür. Onlar arasında əlaqə hələ hər iki xalqın İran imperiyasının tərkibində olduğu zaman yaranıb.

Pakistan Azərbaycanın müstəqilliyini 1991-ci ildə (Türkiyədən sonra ikinci dövlət olaraq) tanıyıb. 1992-ci ildə iki dövlət arasında diplomatik əlaqələr qurulub. Pakistan Bakıda səfirlik açmış ilk ölkələrdəndir. İslamabadla Bakı arasında rəsmi diplomatik münasibətlərin qurulmasından sonra bu əlaqələr davamlı inkişaf edib. Bu gün onlar dərin və sıx qardaşlıq münasibətləri qurub və bu əlaqələr durmadan güclənir, inkişaf edir.

İki ölkənin rəhbərliyi və xalqı arasında isti münasibətlər var. Hələ 1995-ci ildə Pakistanın baş naziri Nəvaz Şərif Bakıya səfər etmiş, 1996-cı ilin aprelində isə Azərbaycanın mərhum prezidenti Heydər Əliyev İslamabada gəlmişdi. Bu səfərlərdən sonra iki ölkə arasında siyasi və iqtisadi əlaqələr daha da inkişaf etməyə başlayıb. İki ölkə bir-birini beynəlxalq arenada da dəstəkləyir.

1995-ci ildə Azərbaycanla Pakistan iqtisadi əməkdaşlığa dair saziş imzalayıb. Bundan sonra onlar arasında ticarət dövriyyəsi qeydiyyata alınmağa başlayıb. Bununla yanaşı, bu gün iki ölkə arasındakı Hökumətlərarası Birgə Komissiya ikitərəfli ticarət üçün yeganə strukturdur. Üstəlik, bu komissiya mövcud iqtisadi potensialdan tam istifadə edə bilmir. Başqa sözlə, Azərbaycanla Pakistanın iqtisadi potensialını nəzərə alsaq, ölkələr arasındakı hazırkı ticarət dövriyyəsinin qaneedici olmadığını söyləyə bilərik.

Məhz bu üzdən hər iki ölkə ticarət əlaqələrinin inkişafı üçün iş adamlarına müraciət edib. Bu gün Bakı ilə İslamabad ticarət dövriyyəsini biznes təcrübəsi və bazara çıxışla bağlı təcrübələrini bölüşməklə də artıra bilər. Azərbaycanın əsas məhsulu neftdir. Pakistanın isə enerji resurlarına ciddi ehtiyacı var. Odur ki, Pakistan Azərbaycan neft-qazı üçün potensial bazardır.

Rəsmi hesabata əsasən, hazırda Azərbaycanda 267 Pakistan şirkəti fəaliyyət göstərir və onların ölkəyə qoyduğu sərmayə 4,2 milyon dollardır. 2018-ci ildə iki ölkə arasında ticarət dövriyyəsi ötən illə müqayisədə 36% artıb.

Pakistanlı biznesmenlər Azərbaycanın kənd təsərrüfatı bazarını daha yaxşı öyrənməli və bu ölkəyə məhsulların ixracı üçün tərəfdaşlar tapmalıdır. Düzdür, Pakistan Azərbaycana pomidor, kartof, düyü, paltar tədarük edir. Amma cərrahi avadanlıqların və idman məhsullarının da ixrac imkanları araşdırılmalıdır.