"Ağrı tutmasını aradan qaldırmaq üçün..."


Digərləri 19 Okt 2018 07:55:00 242 0

"Ağrı tutmasını aradan qaldırmaq üçün..."

Ürəyin işemik xəstəliklərinin ən çox rast gəlinən forması olan stenokardiya döş sümüyü arxasında və ya ondan sol tərəfdə fiziki yüklənmə nəticəsində baş verən sıxıcı ağrıdır. Onu bəzən "döş inağı" da adlandırırlar. Bu problem əsasən kişilərdə görülür. Qadınlarda isə menopauzadan sonra stenokardiyaya rast gəlmək mümkündür. Xəstəliyin əsasında ürək əzələsinin (miokardın) oksigenə tələbatın artması və onun oksigen tələbatının çatışmazlığı durur.

Son.az bildirir ki, stenokardiya xəstəliyi barədə AZƏRTAC-a məlumat verən paytaxtdakı 22 nömrəli Birləşmiş Xəstəxananın həkim-kardioloqu Nüşabə Səfərova deyib: "Miokard sözünün mənası "ürək əzələsi" deməkdir. Normal halda bir dəqiqədə miokard 60-80 dəfə yığılır və gün ərzində bir neçə litr qanı orqanizmə ötürür. Ona görə də miokard zamanı daim və çoxlu oksigen lazımdır. Oksigen çatışmazlığı zamanı miokardda toksiki maddələr yığılmağa başlayır və ağrı meydana çıxır. Ağrı adətən bir neçə dəqiqə davam edir və nitroqliserin qəbuldan sonra kəsilir".

Xəstəliyin diaqnozu barədə həkim deyib: "Stenokardiya diaqnozu xəstənin şikayətlərinə əsasən qoyulur. Çünki onu bir çox hallarda instrumental müayinə üsulları ilə aşkar etmək mümkün olmur. Ağrı tutmasını aradan qaldırmaq üçün xəstənin dil altına nitroqliserin qoyulmalı, ilk 5 dəqiqədə ağrı kəsmədikdə onu təkrarlamaq lazımdır.

Xəstəliyin risk faktorları arterial hipertenziya, xolesterin mübadiləsinin pozulması, şəkərli diabet, oturaq həyat tərzi, tütün çəkmə, alkoqol, stress, irsi meyillik və digər səbəblərdir. Stenokardiya çox hallarda tac damarların aterosklerozunun nəticəsində meydana çıxır, formasına görə stabil və qeyri-stabil gərginlik stenokardiyasına bölünür. Qeyri-stabil gərginlik stenokardiyasına ani yaranmış, kəskinləşən, artan və prinsmetal növlər aid edilir. Stabil stenokardiya isə dörd funksional sinfə bölünür".