Zifaf gecəsi canlı yayında! Niyə də yox?!


Digərləri 18 Okt 2018 21:45:00 756 0

Zifaf gecəsi canlı yayında! Niyə də yox?!

Sərlövhə şok edir, eləmi? Demək istəyirsiniz ki, "bu lap ağ oldu!", hə?..

Azərbaycanda bu da baş verdi. Camaata canlı yayında uşağın dünyaya gəlməsini göstərdilər. Aparıcı da az qalırdı ortasından bölünsün. Həqiqətən də, şişirtmirik. Bilmirdi "aman Allah!" hayqırıb Tanrını mədh etməklə reytinqini yüksəltsin, ya "ilk dəfə!" ifadəsi ilə tamaşaçıların beynini dəlsin, yəni "bunu ilk dəfə mən elədim aaa". Canlı yayında doğuş: pisdir ya yaxşı?..

Son.az islam.az-a istinadən bildirir ki, biz mövqeyimizi əvvəlcədən ortaya qoyub onu izah etməyə çalışacağıq. Bizə görə, bu, mənəvi deqradasiya səmtində atılmış növbəti inamlı addımdır.

Ola bilsin ki, bəziləri "yenə bu dindarlar başladı" söyləsinlər. Amma, əziz həmvətənlər, dindarlığın bu məsələyə əsla bir qarışacağı yoxdur. Bax, fikir verin, indi "abır", "həya", "ismət" sözləri arxaizmə çevrilməkdədir, bəlkə də artıq elə arxaizmin özüdür ki var. İndi abırlı olmaq trenddə deyil. İndi hər vasitə ilə abırsızlıq, həyasızlıq, ismətsizlik təbliğ olunur. Abırsız və ismətsizlərin də sıraları sürətlə artır. Dindara, insanın Allah tərəfindən yaradıldığına iman gətirən şəxs abır və ismətini gözləməlidir: "Həqiqətən,.. ismətlərini qoruyan kişilər və (ismətlərini) qoruyan qadınlar... üçün Allah bağışlanma və böyük mükafat hazırlamışdır." ("Əhzab", 35). Bu öz yerində.

Amma hətta ateistlərə görə abır və həya qorunmalıdır. Çünki əcdadları hesab etdikləri meymun indi də cəngəllikdə budaqdan budağa lüt atlanır. Amma insan, təkamül nəzəriyyəsinə əsasən, elə bu proses zamanı guya inkişaf edərək tədricən abırlanıb, həya nə olduğunu anlayıb və özünə əyin-baş düzəldib. Bir sözlə, abır, həya və ismət insanı heyvandan fərqləndirən xüsusiyyətlərdən biridir.