Heydər Əliyev Mərkəzində “Heydər Əliyev və Azərbaycan tarixi” V ümumrespublika bilik yarışı keçirilib (FOTO)


Digərləri 18 Okt 2018 17:15:32 283 0

Heydər Əliyev Mərkəzində “Heydər Əliyev və Azərbaycan tarixi” V ümumrespublika bilik yarışı keçirilib (FOTO)

Heydər Əliyev Mərkəzində “Heydər Əliyev və Azərbaycan tarixi” V ümumrespublika bilik yarışı keçirilib.

Bakı. Oktyabrın 18-də Heydər Əliyev Mərkəzində “Heydər Əliyev və Azərbaycan tarixi” V ümumrespublika bilik yarışı keçirilib. Tədbirdə əvvəlcə dövlət himni səsləndirilib, ümummilli lider Heydər Əliyevin gənclərlə bağlı çıxışını əks etdirən videoçarx nümayiş olunub. Heydər Əliyev Mərkəzinin təşkilatçılığı və Təhsil Nazirliyinin dəstəyi ilə reallaşdırılan layihə Azərbaycan xalqının Ümummilli Liderinin həyat və fəaliyyətinin öyrənilməsi, onun irsinin yaşadılması və gənclər arasında təbliği, eyni zamanda, gənc nəslin elmə, maarifləndirici yarışlara marağının artırılması məqsədini daşıyır. Tədbirdə məlumat verilib ki, “Heydər Əliyev və Azərbaycan tarixi” ümumrespublika bilik yarışı 2014-cü ildən etibarən hər il təşkil olunur. Budəfəki yarışın oktyabrın 18-də - Dövlət Müstəqilliyi Günündə keçirilməsi təsadüfi deyil. Bu gün Azərbaycan Respublikasının Azərbaycan Xalq Cümhuriyyətinin varisi olaraq öz dövlət müstəqilliyini bərpa etməsindən 27 il keçir. Azərbaycan müstəqilliyini 1991-ci ildə bərpa etsə də, 1993-cü il iyunun ortalarınadək ölkədəki mövcud vəziyyət bu müstəqilliyin kövrək olduğunu göstərdi. 1993-cü ildə ümummilli lider Heydər Əliyevin xalqın tələbi ilə yenidən siyasi hakimiyyətə qayıdışı Azərbaycanda sabitliyin və inkişafın başlanğıcı oldu. Müasir Azərbaycan ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə hər sahədə inkişaf etdi. Qeyd edilib ki, “Heydər Əliyev və Azərbaycan tarixi” V ümumrespublika bilik yarışında 47 ali təhsil müəssisəsinin komandaları iştirak edib. Azərbaycan İlahiyyat İnstitutu, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının komandaları bu il ilk dəfə olaraq müsabiqəyə qoşulublar. Ali təhsil müəssisələrində əyani əsaslarla bakalavr və magistr səviyyələri üzrə təhsil alan tələbələr bu il də müsabiqəyə hazırlıq məqsədilə Heydər Əliyev Mərkəzini ziyarət ediblər. Onlar Mərkəzdəki Heydər Əliyev Muzeyində Azərbaycan tarixinə, Ümummilli Liderin həyat və fəaliyyətinə dair məlumatlar əldə edib, burada toplanmış arxiv materialları əsasında araşdırma aparıblar. Sonra tələbələrin yarışa hazırlığını əks etdirən videoçarx nümayiş olunub. Müsabiqə 3 turda keçirilib və hər turda Azərbaycanın tarixi, mədəniyyəti, ümummilli lider Heydər Əliyevin irsini əhatə edən 12 sual səsləndirilib. Qalib komandalar turlar üzrə qazanılmış xalların cəminə görə müəyyən edilib və mükafatlandırılıb.