Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Moskvada “Azərbaycanın payız sovqatları” adlı şəhərcik açılıb


Digərləri 18 Okt 2018 16:45:00 263 0

Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Moskvada “Azərbaycanın payız sovqatları” adlı şəhərcik açılıb

oktyabrın 17-dən 21-dək Moskvanın Tver meydanında “Azərbaycanın payız sovqatları” adlı şəhərcik fəaliyyət göstərəcək.

Bakı. Heydər Əliyev Fondu, Azərbaycanın Rusiyadakı səfirliyi və Moskva hökumətinin təşkilatçılığı, Azərbaycanın İqtisadiyyat Nazirliyinin dəstəyi ilə oktyabrın 17-dən 21-dək Moskvanın Tver meydanında “Azərbaycanın payız sovqatları” adlı şəhərcik fəaliyyət göstərəcək. Oktyabrın 18-də şəhərciyin təntənəli açılış mərasimində Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov, Moskva hökumətinin naziri, ticarət və xidmətlər departamentinin rəhbəri Aleksey Nemeryuk, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu və digər rəsmi şəxslər iştirak ediblər. Moskva hökumətinin naziri, ticarət və xidmətlər departamentinin rəhbəri Aleksey Nemeryuk açılış mərasimində çıxış edərək bildirib ki, burada Azərbaycanda istehsal olunan ən yaxşı məhsullar təqdim edilir. O deyib: “Bu gün ilk dəfə Moskvada bu formatda Azərbaycan günləri keçirilir. Azərbaycanın ən yaxşı istehsalçıları Moskvada öz məhsullarını nümayiş etdirirlər. Biz bu gün Tver meydanına gələn hər kəsi görməkdən məmnunluq duyuruq. Burada hər şey gözəl təşkil olunub. Şəhərcikdə Azərbaycan məhsulları nümayiş etdirilir, ziyarətçilər ustad dərslərində iştirak edə biləcəklər. Bir neçə gün ərzində burada maraqlı tədbirlər keçiriləcək. Ümid edirik ki, belə tədbirlər mütəmadi təşkil olunacaq. Moskvaya xoş gəlmisiniz!”. Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu Azərbaycan məhsullarının nümayişi üçün şərait yaradıldığına görə Moskva hökumətinə, Rusiya paytaxtının meri Sergey Sobyaninə təşəkkürünü bildirib. O deyib: “Azərbaycan ilə Rusiya arasında mehriban qonşuluq, strateji tərəfdaşlıq münasibətləri mövcuddur. Biz şadıq ki, bu münasibətlərdə Rusiya paytaxtının xüsusi yeri var. Moskva meri Sergey Sobyaninin Bakıya səfəri zamanı olduqca məhsuldar danışıqlar aparılıb”. Səfir sərginin təşkilinə görə Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya təşəkkürünü bildirib. “Bu gün təşkil olunan sərgi Moskva hökuməti ilə Azərbaycan hökuməti arasında əməkdaşlığın təzahürüdür. Mən şəhərciyin gözəl təşkilinə görə Heydər Əliyev Fonduna, Fondun prezidenti Mehriban Əliyevaya təşəkkürümü bildirmək istəyirəm. Heydər Əliyev Fondu bütün dünyada Azərbaycanın tanıdılması istiqamətində böyük işlər görür. Mən Azərbaycanın Rusiyadakı səfiri kimi çox şadam ki, Azərbaycan mədəniyyətini təbliğ edən Heydər Əliyev Fondunun xətti ilə Moskvada da çoxsaylı tədbirlər keçirilir”, - deyə diplomat bildirib.