Əli Əhmədov: "Azərbaycan “Bir kəmər, bir yol” təşəbbüsünün icrasına töhfə verməyə hazırdır"


Digərləri 18 Okt 2018 15:30:00 243 0

Əli Əhmədov: "Azərbaycan “Bir kəmər, bir yol” təşəbbüsünün icrasına töhfə verməyə hazırdır"

Çinin paytaxtı Pekində Tayhu Dünya Mədəniyyət Forumunun 5-ci illik iclası işə başlayıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, "Sivilizasiyalararası dialoq: bəşəriyyət üçün ortaq gələcəkli cəmiyyətin qurulması" mövzusunda keçirilən builki iclasda dünyanın 40-dan çox ölkəsindən dövlət rəsmiləri, elm adamları, ictimai xadimlər, mədəniyyət sahəsinin fəalları daxil olmaqla, ümumilikdə, mindən çox nümayəndə iştirak edir.

Azərbaycanı bu beynəlxalq forumda Baş nazirin müavini, Yeni Azərbaycan Partiyası sədrinin müavini - icra katibi Əli Əhmədovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edir.

İclasın açılış mərasimində çıxış edən Ümumçin Xalq Nümayəndələri Yığıncağının (parlament) sədr müavini Van Çen Çin Xalq Respublikasının Sədri Si Cinpinin forum iştirakçılarına müraciətini oxuyub. O, forumun müxtəlif mədəniyyətlərin mübadiləsi vasitəsilə birgə gələcəyin qurulmasına dair müzakirələrin aparılması üçün yaxşı platforma olduğunu deyib.

Baş nazirin müavini Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Tayhu Dünya Mədəniyyət Forumunun 5-ci illik iclasının iştirakçılarına müraciətini oxuyub.

Azərbaycan-Çin münasibətlərinin böyük tarixi olduğunu diqqətə çatdıran Ə.Əhmədov deyib ki, ölkəmiz Çin ilə əlaqələrin bütün sahələrdə inkişafına əhəmiyyət verir. Möhkəm təməllər üzərində qurulan, dostluq və qarşılıqlı etimada əsaslanan Azərbaycan-Çin əlaqələrini hazırda dinamik inkişaf edən çoxtərəfli ciddi tərəfdaşlıq münasibətləri kimi səciyyələndirmək olar.

Çinin "Bir kəmər, bir yol" təşəbbüsünün əməkdaşlığımızın daha da dərinləşməsi üçün yeni imkanlar yaratdığını diqqətə çatdıran Baş nazirin müavini əlavə edib ki, Azərbaycan bu təşəbbüsü dəstəkləyən ilk ölkələrdən biri olmaqla yanaşı, onun icrasına töhfə verməyə hazırdır.

Qeyd olunub ki, tarixən müxtəlif xalqların və fərqli dinlərə inananların sülh, mehriban şəraitdə yaşadıqları Azərbaycan multikulturalizm, tolerant dəyərləri ilə seçilib. Hazırda multikulturalizm Azərbaycanda dövlət siyasəti olmaqla yanaşı, cəmiyyətin həyat tərzidir.

Dünyada bir çox ölkələrin dinlərarası qarşıdurma, separatizm, etnik təmizləmə, terrorizm kimi müxtəlif narahatlıqlarla üzləşdiyini bildirən Ə.Əhmədov diqqətə çatdırıb ki, qonşu Ermənistanın hərbi təcavüzü nəticəsində Azərbaycan ərazilərinin 20 faizi işğal olunub, bir milyondan çox soydaşımız qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Azərbaycan ümid edir ki, haqq-ədalət təmin olunacaq və BMT Təhlükəsizlik Şurasının münaqişə ilə bağlı qəbul etdiyi qətnamələrin tələbləri yerinə yetirilməklə, torpaqlarımız işğaldan azad olunacaq, ölkəmizin ərazi bütövlüyü təmin ediləcək. Baş nazirin müavini Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində Azərbaycanın haqlı mövqeyini dəstəklədiyinə görə Çin tərəfinə təşəkkür edib.


Xəbərə aid fotolar