"O qıza minnətdaram, amma aqibətindən xəbərim yoxdur"


Digərləri 18 Okt 2018 13:20:00 283 0

"O qıza minnətdaram, amma aqibətindən xəbərim yoxdur"

"İranda rəqs etmək qadağan deyil, lakin qapalı yerlərdə və qadınlar arasında rəqs etməyə icazə var"

Cənubi Azərbaycandan olan və "Səni deyirlər" mahnısı ilə şöhrət qazanan müğənni İbrahim Əlizadə Bakıya gəlib. Onun Bakıya gəlişində məqsəd "The First" beynəlxalq mükafatının təqdimetmə mərasimində iştirak etməkdir.

Ölkəmizdə olan müğənni Sputnik Azərbaycan-a müsahibə verib.

- İbrahim, "Səni deyirlər" mahnısı bir neçə il əvvəl yazılıb, bəs niyə, məhz indi bu qədər populyarlaşıb?

- Düzünü desəm, bu, mənim özümə də maraqlıdır. Heç vaxt düşünməzdim ki, o qədər vaxt keçəndən sonra bu mahnı nəinki İranda, hətta onun sərhədlərindən kənarda belə, populyar olacaq. Heç belə bir arzum da olmayıb. Bu kompozisiya başqa sözlərlə 30-40 ildir ifa edilir. Onun əsas ifaçıları Məhəmmədəli Məhbubi, Sulduz Qarapapaq və başqaları olub. Onların hər biri həm müğənni, həm də şair olublar. Ona görə də, hərəsi bu kompozisiyanı öz sözləri ilə oxuyublar. Məhz "Səni deyirlər"in sözlərinin müəllifi mən özüməm. Artıq dörd ildir ki, bu mahnını İran toylarında oxuyuram.

- Bəs siz, ümumiyyətlə, neçə ildir mahnı oxuyursunuz?

- Haradasa, 12 ildir. Lakin bu mahnıya qədər İrandan kənarda məni heç kəs tanımayıb. Mən, əsasən, İran toylarında çıxış etmişəm və indi də edirəm.

- Artıq sirr deyil ki, sizin bu mahnınız, iranlı gənc qız onun sədaları altında küçədə rəqs edəndən sonra populyarlaşıb. Heç maraqlanmısınızmı ki, bu çarxdan sonra o qızın taleyi necə olub?

- Mən o qıza minnətdaram ki, o, mənim mahnımın sədaları altında rəqs edib və bu kompozisiyanın məşhurlaşmasına köməklik göstərib. Mənim vətənimdə - İranda rəqs etmək qadağan deyil. Lakin qapalı yerlərdə və qadınlar arasında rəqs etməyə icazə var. Bizdə rəqs etmək küçədə, bazarda və digər ictimai yerlərdə qadağandır. Düzünü desəm, mən heç maraqlanmamışam ki, bu qızın axırı necə olub.

- "Səni deyirlər" mahnısını hazırlayanda sizin hansısa başqa məqsədiniz olub, yoxsa, sadəcə, bununla insanları əyləndirmək istəmisiniz?

- Mən bu mahnı ilə İranın gözəl şəhərlərindən biri olan Urmiyanı tərənnüm eləmişəm. Bu şəhər Urmiya gölünün Qərb sahilində yerləşir. O, öz təbiəti, gözəlliyi, gözəl qızları və bazarları ilə məşhurdur. Mənim məqsədim toylarda insanları əyləndirmək olub.

- İranda bu mahnı ilə bağlı hansısa təqyiqlərə məruz qalmısınız?

- Yox. Əksinə, bizdə müğənnilərə hər cür şərait yaradılır. Şadam ki, istər "Səni deyirlər"i, istərsə də digər mahnılarımı maneəsiz olaraq oxuya bilirəm.

- Biznes nöqteyi-nəzərindən İranda Azərbaycan dilində olan mahnı gəlir gətirirmi?

- Cənubi Azərbaycanda Azərbaycan dilində oxuyan çoxsaylı müğənnilər var. Orada bizi hər kəs dəstəkləyir və bizə toylarda oxumağa şərait yaradırlar. Bizdə Azərbaycan mahnılarını çox sevirlər. Mən təkcə Azərbaycanın xalq mahnılarını deyil, eləcə də sizin müğənnilərin çoxunun repertuarından olan mahnıları da oxuyuram. Toylardan gələn gəlirlərimdən razıyam. Ən əsası odur ki, o pulları halal zəhmətlə qazanıram.


Xəbərə aid fotolar