Turş dadı olsa da, çox faydalıdır


Digərləri 17 Okt 2018 23:48:00 278 0

Turş dadı olsa da, çox faydalıdır

Zirinc qədim zamanlardan bəri tanınan və istifadə edilən bitkidir. Hələ qədim Babilistanda və Hindistanda yerli sakinlər zirinc meyvələrini qanı təmizləyən, Tibet monastrlarını idarə edən kahinlər isə ömrü uzadan vasitə hesab ediblər. Qədim slavyan təbiblərinin zirinc kökləri və qabığından hazırladığı cövhər isə soyuqdəymə və qanaxmalarda tətbiq olunurdu. Onun meyvə, kök, gövdəsi vasitəsilə yun və dəri məmulatları sarı rəngə boyanırdı.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, tikanlı və yarpağını tökən kol bitkisi olan zirincın xırda çəlləyi xatırladan meyvələri qırmızı rəngdədir. Qurudulanda rəngi tündləşir. Turş dadına və faydalı xüsusiyyətlərinə görə onu bəzən "şimal limonu" da adlandırırlar.

Xalq təbabətində bitkinin meyvə, yarpaq, qabıq və köklərindən də müalicə vasitəsi kimi istifadə olunur. Meyvələrinin şirəsi qızdırmasalıcı, mikrob əleyhinə, qankəsici təsir göstərir. Bu bitkidən toksinlərin xaric edilməsi, orqanizmin təmizlənməsi və yaşlanma prosesini ləngitmək üçün də istifadə edirlər. Bitki həzm vəzlərinin sekresiyasını artırır, iştahanı və həzmi yaxşılaşdırır, hipoasid qastrit zamanı müşahidə olunan həzmsizlik və köp əlamətlərini aradan qaldırır. Zirincin təzə meyvələrinin yeyilməsi və ya şirəsinin içilməsi qaraciyər xəstəliklərinin, revmatizm, bəzən də sidik kisəsi və böyrəklərin iltihabının müalicəsində yaxşı nəticə verir. Ürək vurğularının sayını azaltdığı və arterial təzyiqi aşağı saldığı üçün hipertoniya və taxiaritmiya zamanı da tətbiq olunur.