İfası ilə Türkiyəni silkələyən Nahidə Babaşlı: "Tatlısəs, Sibel Can və..." MÜSAHİBƏ VİDEO


Şou-biznes 17 Okt 2018 22:44:00 302 0

İfası ilə Türkiyəni silkələyən Nahidə Babaşlı: "Tatlısəs, Sibel Can və..."  MÜSAHİBƏ  VİDEO

Murad Göğebakanın "Ay yüzlüm" mahnısı ilə həm Türkiyədə, həm də vətənimizdə böyük şöhrət qazanan Nahidə Babaşlı "Ulduz" adlı mahnıya çəkilmiş ilk klipini təqdim edib.

Son.az bildirir ki, müğənni bu barədə publika.az-a müsahibə verib.

- "Ulduz" mahnısı necə yarandı?

- Mahnının musiqisinin müəllifi iranlı bəstəkar Vəfa Abrişamidir. O, həm də studiyada çalışır. Bir gün studiyada idik, mahnını mənə dinlətdi, həm sözlərinə, həm də musiqisinə çox vuruldum. Söylədi ki, kompozisiya səsimə çox uyğundur. Və onu mənə hədiyyə etdi. Daha sonra qısa versiyasını ifa edib instaqramda paylaşdım. Mahnı sosial şəbəkədə böyük əks-səda doğurdu, hamı dayanmadan onun tam versiyasını tələb edirdi. Aranjeman olunduqdan sonra qərara gəldik ki, mahnıya klip çəkək. Klipin rejissorluğunu Bəxtiyar Ələkbərov edib.

- Rejissor klipdə calandırdığınız obrazdan razı qaldı?

- Bəxtiyar Ələkbərovla görüşüb söhbət etdikdən sonra qənaətə gəldik ki, klipdə özüm rol alım. Klipin məzmunu sözlərə uyğun olaraq çəkilib. Burada yarının yolunu gözləyən insanın Allahla təkbətək söhbətindən danışılır. Obrazın inandırıcı alınması üçün çox çalışdım. Rejissor nəticədən razı qaldı.

- Bəzi səhnələr Xızı dağlarında baş tutub. Çətin olmadı ki?

- Təsəvvür edin ki, ağ nazik donda dağın başına qalxmalı idim. Oraya çıxana qədər böyük stress yaşadım. Çünki yüksəklik qorxum var, yuxarı qalxdıqca arxaya baxa bilmirdim. Çəkiliş prosesində bir nəfər məni ora çıxartdı, çəkiliş yekunlaşanda isə gəlib yenidən aşağı düşürdü. Dağın başında dayandığım müddət ərzində tərpənmədim, qorxudan ayaqlarım titrəyirdi. Üstəlik soyuq hava şəraiti çətinlik yaradırdı, çox üşüyürdüm.

Koverləri telefonla çəkib paylaşmaq rahatdır, klipdə obraz canlandırmaq tamam fərqlidir. Hər halda əlimdən gələni etdim ki, səhnələr effektli alınsın.

- Sizcə, "Ulduz" niyə bu qədər uğurlu alındı? Sözlərin tanınmış şair Məhəmməd Hüseyn Şəhriyara aid olmasının rolu ola bilər? Bu gün istər dünyada, istər Azərbaycanda əksər müğənnilərin oxuduğu mahnı sözləri çox bəsitdir. Bəsit sözlər dinləyicinin qəlbinə və ruhuna yola tapmır.

- Burada bir neçə amil var: həm sözlər dərindir, həm aranjeman fərqlidir, həm də mahnı səsimə uyğundur. Mahnı Azərbaycan üslubunda aranjeman olunmayıb, yaradıcı yanaşma və ideya var. Sözlər, musiqi və səsim bir-birini ideal şəkildə tamamlayıb, ola bilsin ki, mahnının sevilməsinin səbəbi budur. Dolayısı ilə tamamlanmış iş dinləyicinin xoşuna gəlib.

- Vəfa Abrişami ilə əməkdaşlığınız gələcəkdə də davam edəcək?

- Vəfa bəy iranlıdır, üç-dörd il əvvəl Azərbaycana gəlib. Hazırda burada yaşayır. Onunla tanışlığımız, eləcə də "Ulduz"u mənə təqdim etməsi təsadüf nəticəsində baş verdi.

Bir nöqtədə qalmaq və bir insanla işləmək haqda düşünmürəm. Əlbəttə ki, Vəfa bəylə gələcəkdə işbirliyimiz davam edə bilər. O, ürəyimi oxşayan yeni mahnılar hədiyyə etsə, sevə-sevə oxuyaram. Eyni zamanda, başqa bəstəkarlardan gələn təklifləri də qiymətləndirəcəyəm.

- Gənc bir müğənninin "Ulduz"la sənətə gəlməsini onun böyük uğuru adlandırmaq olar. Maraqlıdır ki, sonrakı fəaliyyətinizdə bir çoxları kimi repertuarınıza toy mahnıları daxil etməyi düşünürsünüz?

- İlk mahnım haqqında yüksək fikirdə olmağınız mənim üçün sevindirici haldır. Hər halda əlimdən gələni edəcəyəm ki, standart müğənni olmayım və keyfiyyətsiz mahnılar oxumayım. Azərbaycanda bu gün bu tərzdə ifa edən çox az sayda sənətçi var. Bu tərzdən və bu xətdən kənara çıxmayacam. Bu xəttin içində dəyişiklik etməyə çalışacağam.