Əməkdar artistdən kövrək ETİRAF: "Başım ailəmə qarışdı, məşhurlaşa bilmədim" FOTO


Kriminal 17 Okt 2018 21:15:00 259 0

Əməkdar artistdən kövrək ETİRAF: "Başım ailəmə qarışdı, məşhurlaşa bilmədim"  FOTO

Əməkdar artist Sahibə Əhmədovanın Son.az-a müsahibəsi.

- Sahibə xanım, o vaxt qız övladının sənətə gəlməsini birmənalı qarşılamırdılar. Bu baxımdan sizin evdə vəziyyət necə idi?

- Bizim evdə də heç kəs sənətə gəlməyimə razı deyildi. Qorxudan mən evdə məşq edəndə geyim dolabını açıb, səsimi onun içində boğurdum ki, qonşulara gedib çıxmasın. Kənddə məhsul bayramında oxuyanda tarzən, xalq artisti Ceyran Haşımova məni görüb bəyənmişdi.

- Peşəkar səhnəyə ilk çıxışınızı necə xatırlayırsınız?

- Mənim səhnədə debütüm "Şah İsmayıl" operasında Ərəbzəngi obrazı olub. Opera və Balet teatrına gəlməyənə qədər bu obraz mənə tanış deyildi. Amma orta məktəbdə oxuyarkən müəllimlərim mənə Ərəbzəngi deyə müraciət edirdilər. Ərəbzəngi cəngavər, igid bir qadın idi. 

- Bəs xaraktercə necə, bu obraz sizə yaxın idi?

- Bəli, Ərəbzəngi, demək olar ki, elə mənim üstümə biçilən bir obraz idi. Mən Asəf Zeynallıya sənəd verərkən imtahanda bir çox dahi sənətkarlarımız oturmuşdular. O anda tarzən Bəhram Mansurov onlara dedi ki, mən bir Ərəbzəngi tapmışam. 6 ay ərzində biz bu obrazı məşq etdik, 1976-cı ildə mən ilk dəfə Opera və Balet teatrının səhnəsində həmin rolu oynadım. Bu obraz mənim həyatda sevimli roluma çevrildi.

- Səhv etmirəmsə, sizdən öncə bu obrazı Gülxar Həsənova ifa edib. Hal-hazırda da teatrda Ərəbzəngi rolunu ifa edənlər var. Gənc Ərəbzəngiləri qısqanmırsınız?

- Bəli, bu obrazı məndən əvvəl Gülxar Həsənova və Rübabə Muradova oynayıb. Rübabə xanımın səsində bir az incəlik var idi, amma Gülxar xanımda daha yaxşı alınırdı. O ki qaldı gəncləri qısqanmağıma... Xeyr, niyə qısqanım ki? Gənc oxuyanlara da müvəffəqiyyətlər diləyirəm. Nəticədə sənətkara qiyməti xalq verir. 

- Opera teatrının solistinin digər estrada müğənnilərindən fərqi nədədir?

- Opera teatrında çalışan müğənninin böyük səs diapazonu olmalıdır. Bundan əlavə həm də aktrisalıq sənətindən anlayışın olmalıdır. Çünki sən həm obrazını oynayırsan, həm də obrazının dilindən oxuyursan.


Xəbərə aid fotolar