Bakıda yağıdan sonra şəhəri su basmaması üçün nə edilir? FOTO


Digərləri 17 Okt 2018 19:00:00 279 0

Bakıda yağıdan sonra şəhəri su basmaması üçün nə edilir?  FOTO

Yeni yağış-kanalizasiya xətləri çəkilir, yağış barmaqlıqları quraşdırılır.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Son.az-a verilən məlumata görə, zəruri olan yerlərdə yağış-kanalizasiya xətləri çəkilərək yeni barmaqlıqlar quraşdırılır, mövcud yağış-kanalizasiya xətləri yuyulur və bərpa olunur, köhnə yağış barmaqlıqları yenisi ilə əvəzlənir.

İntensiv yağışlar zamanı Bakı şəhərinin bəzi küçə və prospektlərdə səth sularının kənarlaşdırılması üçün nəzərdə tutulmuş yağış-kanalizasiya sisteminin ötürücülüyünün artırılması məqsədi ilə əlavə xətlərin çəkilişi işləri də görülür. Bu məqsədlə Heydər Əliyev prospektinin Böyük Şor yol qovşağından Sabunçu yol qovşağı istiqamətində yağış sularının kənarlaşdırılması üçün əlavə 60 m uzunluğunda xətt çəkilib və ərazidə yeni yağış barmaqlıqları quraşdırılıb.

Anoloji işlər Babək prosektinin Nəcəfqulu Rəfiyev küçəsi ilə kəsişməsində də aparılıb. Burda uzunluğu 325 m olan əlavə xəttin çəkilişi işləri görülüb. Məqsəd sözügedən ərazidə intensiv yağıntılar zamanı yolun hərəkət hissəsində yığılıb qalan yağış sularının vaxtında kənarlaşdırılmasıdır. Ərazidə əlavə 9 ədəd yeni su qəbuledici barmaqlıq quraşdırılıb.

Bundan başqa səth sularının kənarlaşdırılması üçün nəzərdə tutulmuş yağış-kanalizasiya sisteminin ötürücülüyünün artırılması məqsədi ilə mövcud kiçik həcmli yağış barmaqlıqları böyük ölçülü barmaqlıqlarla əvəz olunur. Bu işlər çərçivəsində ilkin olaraq artıq 40-a yaxın nöqtədə yağış barmaqlığı dəyişdirilib və bu çərçivədə işlər davam etdirilir. Ümumilikdə 100-ə yaxın bu cür barmaqlığın dəyişdirilməsi nəzərdə tutulub.