"PAŞA Bank" məhsulların inkişafı üzrə dünyada sürətlə yayılan "Agile" yanaşmasının tətbiqinə başlayıb


Digərləri 17 Okt 2018 18:59:00 234 0

"PAŞA Bank" məhsulların inkişafı üzrə dünyada sürətlə yayılan "Agile" yanaşmasının tətbiqinə başlayıb

Yeni strategiyaya əsasən, PAŞA Bank 2020-ci ilə qədər rəqəmsal banka çevrilməyi hədəfləyir.

Bakı. Yeni strategiyaya əsasən, PAŞA Bank 2020-ci ilə qədər rəqəmsal banka çevrilməyi hədəfləyir. Bankların maliyyə təşkilatlarından daha çox texnologiya şirkətlərinə çevrilmələri bankçılıqda artıq qlobal bir trendə çevrilib və Agile iş tərzi ənənəvi bankdan rəqəmsal banka transformasiyada dünyada geniş istifadə olunur. Hazırda, PAŞA bankda artıq ilk Agile komandalar formalaşıb və onların işinin ilkin nəticəsi olaraq innovativ rəqəmsal məhsullar tezliklə bazara buraxılacaq. Mövzu barədə bizim suallarımızı PAŞA Bank ASC-də Agile İdarəetmə strukturunun rəhbəri Zaur Bağırov və Rəqəmsal Mühəndislik strukturunun rəhbəri Vüsal Xəlilov cavablandırıb. Azərbaycanda yeni olduğundan bir çox oxucu "Agile"ın nə olduğunu bilmir. “Agile" nə deməkdir? - “Agile” kəlməsinin ingilis dilindən azərbaycancaya birbaşa tərcüməsi zirək, çevik, sürətli sözləri ilə ifadə edilir. Yanaşma olaraq isə bu, fərqli funksiyalardan olan insanların bir komandada çalışmasına və müştərilərin fikrini məhsula inteqrasiya etməyə imkan verən bir yanaşmadır. Agile yanaşması komandaya səlahiyyətlər verməklə komandanı son nəticədən cavabdeh tutur və komanda öz işinin və nəticəsinin sahibinə çevrilir. Bu yanaşma eyni zamanda işçilərin peşəkar inkişafını və işə bağlılığını artırmaqla onlar üçün məhsuldar və rahat bir iş mühiti yaradır. -"Agile"ın ənənəvi iş üsulundan fərqi nədir? - Ənənəvi üsul ilə işləyən təşkilatlarda işçilər öz sahələrində çalışır və bilavasitə öz gördükləri işdə effektivliyi artırmağa çalışırlar, lakin onlar daha böyük mənzərəni və proseslərin bir-birindən asılılığını nadir hallarda görürlər. Ona görə də bir sıra funksiyalar (məs., biznes, informasiya texnologiyaları, risk) bir birindən ayrılıqda fəaliyyət göstərir. Ənənəvi yanaşmanın digər problemi odur ki, müştəri ilə yalnız satış və marketinq komandaları əlaqədə olur və təşkilatın yerdə qalan hissəsi real müştəri ehtiyacları barədə məlumatsız olur. Ona görə də ənənəvi yanaşma real müştəri ehtiyaclarının qavranılmasında və müxtəlif funksiyaların qarşılıqlı əlaqəsində problemlər yaradır. Məsələn, bir çox hallarda məhsul hazırlanıb bazara buraxılır amma müştərilər onu istifadə etmir. Yalnız bundan sonra aydın olur ki, məhsula sərf olunan vaxt və pul boşa xərclənib, çünki məhsul müştərilərin ehtiyaclarına cavab vermir. -Yeri gəlmişkən, PAŞA Bankda belə bir problem olubmu? - Bir sıra digər böyük banklar kimi, biz də ənənəvi iş tərzində bənzər çətinliklərlə qarşılaşmışıq. Lakin, bir müddət öncə anladıq ki, Agile iş tərzi bizə daha səmərəli olmaqda və müştəri ehtiyaclarını daha yaxşı qarşılamaqda kömək edəcək. Bu iş tərzi həm də bizə ənənəvi bankdan texnologiya şirkətinə çevrilməyə, yəni səmərəli, rəqəmsal və müştəri ehtiyaclarına həssas olan bir təşkilata transformasiya olmağa yardım edəcək. - Agile iş tərzini qəbul etməkdə başqa hansı amillərin rolu olub? - Bu gün demək olar hamımız Facebook istifadə edirik. Əgər sabah Facebook öz müştərilərinə kredit təklif etməyə başlasa banklar nə edəcək? Facebook kimi şirkətlər yaranış günlərindən etibarən Agile olaraq çalışır. Heç kəs sabah Google, Facebook, Apple və Amazon kimi şirkətlərin maliyyə xidmətləri göstərməsinin qarşısını ala bilməz. Bu şirkətlər artıq maliyyə sektoruna daxil olmağa başlayıb. Biz bu kimi təhlükələri görürük və ona görə Agile iş üslubundan istifadə etməklə texnoloji bir şirkətə çevrilməyə qərar vermişik. - Agile yanaşmasının PAŞA Bankda hazırda necə çalışdığına dair misal gətirə bilərsinizmi? - İlk olaraq biz rəqəmsal məhsulların inkişafından başladıq. Əvvəllər, proqramçı və dizayner İnformasiya Texnologiyaları şöbəsində, marketinq meneceri Marketinq şöbəsində, və məhsul meneceri Biznes İnkişafı şöbəsində çalışırdı. Agile-da isə bizim 10 nəfərdən çox olmayan daimi məhsul komandamız vahid biznes məqsədi ətrafında birləşib. Bu komanda eyni masa arxasında və yalnız bir məhsul üzərində işləyir. Bu komanda məhsulun nəticələrindən cavabdehdir və məhsulu yaratmaq üçün bütün imkanlara sahibdir. Məhsul meneceri, mühəndislər (proqramçılar) və dizaynerlər komandanın əsas üzvləridir. Hər bir komanda öz işini davamlı olaraq təkmilləşdirməlidir. Bu işdə komandalarımıza Agile Coach köməklik göstərir. Agile komandaları biz skvod adlandırırıq. Bu skvodlar 2 həftəlik sprintlərlə işləyir və hər 2 həftəlik sprintdə bir sıra mərasimlərdən (görüşlərdən) yararlanır. Sprint planlama görüşündə növbəti 2 həftədə yerinə yetiriləcək işlər müəyyən olunur. Gündəlik Stand-up görüşlərində hər kəs keçən gün nə iş gördüyünü, bu gün nə iş görəcəyini və işin görülməsi üçün hansı problemlərin olması barədə məlumat verir. Sprint Demo (nümayiş) görüşlərində cari sprintdə görülən işin nəticləri göstərilir və maraqlı tərəflərin, həmçinin müştərilərin fikirləri alınır Retrospective mərasimində komanda öz işini necə təkmilləşdirəcəyini müzakirə edir Bu görüşlər komandaya səmərəli şəkildə əməkdaşlıq etməyə kömək edir və müştəridən müntəzəm olaraq rəy almağa yardım edir. Bu həm də məhsulun uğursuz olma riskini azaldır, çünki komanda hər iki həftədən bir, müştəri rəyi əsasında məhsulun funksionallığını tədricən inkişaf etdirir. - Belə görünür bütün bu dəyişikliklərlə bərabər işçilərin düşüncə tərzi də dəyişməlidir...