Bu ilin aprel-sentyabr aylarında 28 minə yaxın şüşə aksizsiz və ya saxta aksizli mallar müsadirə edilib


Digərləri 17 Okt 2018 13:37:04 224 0

Bu ilin aprel-sentyabr aylarında 28 minə yaxın şüşə aksizsiz və ya saxta aksizli mallar müsadirə edilib

Vergilər Nazirliyi tərəfindən 2018-ci ilin aprel-sentyabr aylarında aparılmış nəzarət tədbirləri zamanı pərakəndə ticarət obyektlərindən 27.900 şüşə aksizsiz və ya saxta aksizli mallar aşkar edilərək müsadirə edilib

Bakı. Vergilər Nazirliyi tərəfindən 2018-ci ilin aprel-sentyabr aylarında aparılmış nəzarət tədbirləri zamanı pərakəndə ticarət obyektlərindən 27.900 şüşə aksizsiz və ya saxta aksizli mallar aşkar edilərək müsadirə edilib, 619 min manatdan yuxarı alkoqollu içkilərin satışının nağd qaydada aparıldığı müəyyən edilib, (qanunvericiliyə əsasən, aksiz markası ilə markalanmalı məhsulları, pərakəndə satış istisna olmaqla, nağd qaydada xeyli miqdarda satma, belə məhsulları satış məqsədləri üçün nağd qaydada xeyli miqdarda alma cinayət məsuliyyəti yaradır) qanun pozuntuları ilə bağlı 34 cinayət işi başlanıb. Nazirlikdən Trend-ə verilən məlumata görə, göstərilən halların qarşısının alınması məqsədilə bu ilin avqust ayından alkoqollu içkilərin istehsalı ilə məşğul olan 30 vergi ödəyicisində aksiz - nəzarət postları fəaliyyətə başlayıb. Aksiz postlarının fəaliyyəti, qanunsuz məhsullarının daxili bazarda satışının qarşısının alınması, vergi ödəyicilərinin fəaliyyətində uçotun və nəzarətin bərpa edilməsi nəticəsində müəssisələrin istehsal və satış həcmləri ilə bağlı real mənzərə müəyyən olunmağa başlayıb. Xüsusilə arağın istehsalı və daxili bazarda satış həcmlərində 3 dəfə artım qeydə alınıb. Şərab satışı isə, əksinə 2018-ci ilin yanvar-iyul aylarının orta aylıq göstəricilərinə nisbətən müvafiq həcmdə aşağı düşüb. Aksiz-nəzarət postlarının tətbiqi nəticəsində həm də dövlət büdcəsinə hesablanan vergilər artıb. Spirtli içkilərin öz təyinatına uyğun olaraq bəyan edilməsi nəticəsində cari ilin orta aylıq və iyul ayı göstəriciləri ilə müqayisədə istehsalçılar tərəfindən hesablanmış aksiz vergisi və ödənilmiş vergi məbləği 60%-dən çox artıb.