Bölgələri gəzəcək əmlakın yeni mobil qeydiyyatı ofisi işə düşdü (FOTO)


Digərləri 17 Okt 2018 12:44:00 191 0

Bölgələri gəzəcək əmlakın yeni mobil qeydiyyatı ofisi işə düşdü (FOTO)

Əmlak Məsələləri Dövlət Komitəsinin “Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol” kampaniyası yeni və müasir formatda fəaliyyətə başlayır.

Bakı. Əmlak Məsələləri Dövlət Komitəsinin “Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol” kampaniyası yeni və müasir formatda fəaliyyətə başlayır. Komitədən Trend-ə verilən məlumata görə, kampaniya çərçivəsində bölgələri gəzəcək əmlakın yeni mobil qeydiyyatı ofisi işə düşüb. Bu məqsədlə ən müasir texnoloji avadanlıqlarla təchiz edilən iri ölçülü nəqliyyat vasitəsi vətəndaşların xidmətində olacaq. Mobil qeydiyyat ofisi əvvəlcədən elan edilmiş yerlərdə, saat 9:00-dan 17:00-a qədər sakinlərin xidmətindədir. Bu vasitə ilə qeydiyyat sahəsində proaktiv xidmətlər birbaşa vətəndaşın olduğu məkana üz tutur. Səyyar ofisin hansı bölgədə olmasından asılı olmayaraq vətəndaşlar ərazi idarələrindəki kimi bütün növ qeydiyyat xidmətlərindən yararlana bilirlər. Optik şəbəkə kabelinin qoşulması ilə Milli Qeydiyyat Sisteminin baza məlumatlarına birbaşa bağlantının yaradılması buna imkan verir. Həmçinin bununla müxtəlif növ qeydiyyat xidmətləri çevik və operativ qaydada həyata keçirilir. Vətəndaş məmnunluğunun artırılması, onların daha rahat və sadə proseduralarla qeydiyyat xidmətlərindən faydalanması üçün fəaliyyətin müasir və modern əsaslarla qurulması diqqət mərkəzində saxlanılıb. Belə ki, mükəmməl fəaliyyət prosesi üçün müvafiq informasiya sistemləri, kommunikasiya avadanlıqları və texnologiyaları tətbiq edilib. Yeni mobil ofisdə nəzarətin təmin edilməsi üçün videomüşahidə sistemi quraşdırılıb.