Əlilliyi olan şəxslərin məşğulluğunun dəstəklənməsində BP ilə əməkdaşlıq genişləndiriləcək (FOTO)


Digərləri 17 Okt 2018 10:11:00 250 0

Əlilliyi olan şəxslərin məşğulluğunun dəstəklənməsində BP ilə əməkdaşlıq genişləndiriləcək (FOTO)

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində BP şirkətinin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qari Counzla görüş olub.

Bakı. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində BP şirkətinin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qari Counzla görüş olub. Nazirlikdən Trend-ə verilən məlumata görə, görüşdə əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev əhalinin məşğulluq imkanlarının artırılmasının, sosial cəhətdən həssas qrupların, o cümlədən əlilliyi olan şəxslərin əmək bazarına çıxışının dəstəklənməsinin Azərbaycan Prezidenti İlham Əliyevin uğurlu sosial siyasətinin əsas prioritetlərindən olduğunu vurğulayıb. Nazir bu istiqamətdə aparılan işlər barədə məlumat verib. S.Babayev Azərbaycan iqtisadiyyatında önəmli rolu ilə seçilən BP şirkəti ilə nazirlik arasında əməkdaşlıq təcrübəsini qeyd edib. O, yerli işçi qüvvəsindən istifadənin genişləndirilməsinin, vakant iş yerləri barədə qanunvericiliyə uyğun qaydada məşğulluq orqanlarına məlumatların təqdim olunmasının, işçi qüvvəsinə tələblə bağlı çevik məlumat mübadiləsi aparılmasının, həmçinin əlilliyi olan şəxslərin məşğulluğuna şərait yaradılmasının bu əməkdaşlıqda mühüm istiqamətlər olduğunu deyib. S.Babayev ƏƏSMN və BP – “British Council”in birgə layihəsi olan “Əlilliyi olan şəxslərin məşğulluq qabiliyyətlərinin artırılması proqramı” çərçivəsində görülən işlərin əhəmiyyətini qeyd edib. Nazir bildirib ki, proqram çərçivəsində 90 nəfərədək əlilliyi olan şəxsin ingilis dili, kompüter bacarıqları və sosial bacarıqların inkişaf etdirilməsi istiqamətində təlimlərə cəlb olunmaları həmin əlilliyi olan insanların gələcək məşğulluğunun təminatında mühüm dəstəkdir.