Azərbaycan yeni metodologiya əsasında hazırlanmış Qlobal Rəqabətlilik Hesabatında


Digərləri 17 Okt 2018 02:16:00 304 0

Azərbaycan yeni metodologiya əsasında hazırlanmış Qlobal Rəqabətlilik Hesabatında

Dünya İqtisadi Forumunun Qlobal Rəqabətlilik Hesabatı tamamilə yeni metodologiya əsasında ictimaiyyətə təqdim edilib.

Son.az Trend-ə istinadən bildirir ki, qlobal trendlər nəzərə alınmaqla, hesabatın metodologiyasında dəyişikliklər o qədər dərin və əhatəli olub ki, Dünya İqtisadi Forumu bu metodologiyanı yeni nəsil "4.0" kimi təqdim edib. Bu isə onu deməyə əsas verir ki, "Qlobal Rəqabətlilik Hesabatı-2018/2019" yeni dövrün ilk hesabatıdır. Belə ki, əvvəlki illərdən fərqli olaraq hesabatın metodologiyası ciddi şəkildə dəyişdirilərək hesabata yeni indikatorlar daxil edilib. Ümumilikdə əvvəlki hesabatın 114 indikatorundan 84-ü (74 faizi) çıxarılıb, 68 yeni indikator isə daxil edilib. Beləliklə, hesabatda mövcud 98 indikatorun 70 faizi tamamilə yenidir.

Azərbaycan Qlobal Rəqabətlilik Hesabatının yeni metodologiyası əsasında ilk dəfə qiymətləndirilib. Ölkəmiz ilk hesabatda Türkiyə, Serbiya, Gürcüstan, Cənubi Afrika Respublikası və Xorvatiya ilə birlikdə 7-ci onluğa daxil olmaqla 69-cu yerdə qərarlaşıb. İnfrastruktur, təhsil və bacarıqlar və biznesin dinamikliyi kimi üç indikator üzrə Azərbaycan yeni hesabatda mövqelərini əhəmiyyətli dərəcədə yaxşılaşdırıb.

Azərbaycan, Qlobal Rəqabətlilik Hesabatında dünyada sosial bərabərliyin ən yüksək səviyyədə təmin olunduğu ölkə kimi vurğulanıb. Azərbaycan, əhalinin elektriklə təchizatı səviyyəsinə görə maksimal 100 faiz bal almaqla dünyada ilk pilləyə yüksəlib.

Bununla yanaşı, Azərbaycanın Qlobal Rəqabətlilik Hesabatında irəlidə olduğu alt-indikatorların böyük bir qismi yeni metodologiyada nəzərə alınmayıb. Məsələn, makroiqtisadi sabitlik indikatoru üzrə ölkənin mövqeyinə mənfi təsir göstərən fakt ondan ibarət olub ki, dövlət büdcəsinin tarazlığı, ümumi dövlət borcu, ümumi milli yığım, ölkənin kredit reytinqi kimi öncül olduğumuz alt-indikatorlar yeni metodologiyada ümumiyyətlə nəzərə alınmayıb.