“Südthüringen Kurier” Bakı Şopinq Festivaldan yazdı


Digərləri 16 Okt 2018 22:56:00 249 0

“Südthüringen Kurier” Bakı Şopinq Festivaldan yazdı

"Südthüringen Kurier" qəzetinin oktyabr ayı üzrə sayında ölkəmizdə keçirilən və turistlərin böyük marağına səbəb olan növbəti Bakı Şopinq Festivalı barədə geniş məqalə dərc edilmişdir.

Son.az bildirir ki, məqalədə Azərbaycanın zəngin tarixi, mədəniyyəti və təbii irsinin bütün dünyadan turistləri cəlb etdiyi, şərqlə qərbin kəsişməsində yerləşən Qafqazın incisi olan Odlar Yurdunun hər iki mədəniyyəti özündə ehtiva etdiyi qeyd olunur. Paytaxt Bakı şəhərinin tarixi yerləri, gözəl mənzərələri, ecazkar kafe və restoranları, möhtəşəm muzeyləri, xalça emalatxanaları və caz klubları ilə məşhur olduğu bildirilir. Bununla yanaşı Azərbaycanın bölgələrinin də özünəməxsus gözəlliyinin olduğu, əvəzolunmaz landşaftı olan Azərbaycanın meşələrinin, çöllərinin, daşlarının, qayalarının, dəniz kənarlarının, habelə dağ turizmi mərkəzlərinin bir-birinə yaxın, 4 saatlıq məsafədə yerləşdiyi vurğulanır.

Məqalədə tarixən Böyük İpək Yolunun üzərində, eləcə də müxtəlif ölkələrin geosiyasi, iqtisadi və mədəni maraqlarının kəsişməsində yerləşən Azərbaycanın qədim dövrlərdən etibarən böyük mütəfəkkirlərin, tacirlərin, şairlərin, səyahətçilərin və tarixçilərin marağına səbəb olduğu qeyd olunur. Azərbaycan hökumətinin onilliyin sonunda ümumdaxili məhsulun iki dəfə yüksəldilməsini və ölkəyə səfər edən qonaqların sayının artırılmasını nəzərdə tutan "Azərbaycan 2020: Gələcəyə Baxış" İnkişaf Konsepsiyasının tərkib hissəsi olaraq və ölkənin keçmişinə sadiqliyini qoruyaraq Azərbaycanı beynəlxalq əhəmiyyətli tədbirlərin keçirildiyi yerə çevirməyə çalışdığı vurğulanır. Bu məqsədlə ölkədə qeyri-neft sektorunun davamlı şəkildə inkişaf etdirildiyi və yeni iqtisadi islahatların həyata keçirildiyi bildirilir. Məqalədə bu plana əsasən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 1 sentyabr 2016-cı il tarixli Sərəncamı ilə ölkədə ildə iki dəfə olmaqla hər il ticarət festivallarının keçirilməsinə başlanıldığı, festivalın məqsədinin yerli və xarici moda həvəskarlarına cəlbedici və münasib alış imkanlarının təklif edilməsinin olduğu nəzərə çatdırılır. Festivalın ticarət imkanları ilə yanaşı Bakı şəhərinin tarixi və mədəni irsi ilə tanış olmaq imkanı yaratdığı, şəhərdə yerləşən incəsənət qalereyalarının, muzeylərin və digər mədəniyyət mərkəzlərinin qonaqların xatirəsində unudulmaz izlər buraxacağı vurğulanır.

Məqalədə Mədəniyyət Nazirliyinin nəzdində fəaliyyət göstərən Azərbaycan Konqreslər Bürosunun festivalın rəsmi təşkilatçısı olduğu, festival zamanı Büronun müxtəlif mağazaları bir araya gətirərək endirimlər, xüsusi kampaniyalar, 800-dən artıq pərakəndə satış obyektindən elektronika, ev əşyaları, mebel, ətir, kosmetika məhsulları və digər mallar əldə edərək əlavə dəyər vergisini (ƏDV) şəhərdə geri almaq imkanı yaratdığı vurğulanır. Şopinq Festivalı çərçivəsində lotereyaların, əyləncəli və hədiyyəli proqramların təşkil olunduğu qeyd olunur.