Kərbəlanın qanlı zöhr namazı. Kərbəladan səhnələr


Digərləri 16 Okt 2018 21:15:00 220 0

Kərbəlanın qanlı zöhr namazı. Kərbəladan səhnələr

Aşura günündə düşmənin ilk həmləsini dəf edərkən İmam Hüseynin (ə) 50-dən artıq silahdaşı şəhid oldu. Bundan sonra təkbətək döyüşlər başladı.

Təkbətək döyüşlərin əvvəlində İbn Ziyadın qulamı Salim və atasının (Ziyad ibn Əbihinin) qulamı Yəsar döyüş meydanına girib, özlərinə tərəf-müqabil tələb etdilər. Həbib ibn Müzahirlə Büreyr ibn Xüzeyr ayağa qalxıb, döyüşmək üçün icazə istədilər. Lakin İmam onlara icazə vermədi. Onda İmamın dəstəsindən Abdullah ibn Ümeyr Kəlbi adlı ucaboylu, şücaətli bir döyüşçü izn alıb, meydana girdi. Abdullah ailəsi ilə birlikdə Kərbəlada özünü İmama çatdırmışdı. Həmin gün onun həyat yoldaşı Ümmi-Vəhəb və oğlu Vəhəb də Kərbəlada idilər.

Salimlə Yəsar Abdullahın kimliyini biləndə əvvəlcə döyüşmək istəmədilər; dedilər ki, bizim qabağımıza ya Həbib ibn Müzahir, ya Züheyr ibn Qəyn, ya da Büreyr ibn Xüzeyr çıxmalıdır. Lakin Abdullah: "Sizin meydanınıza çıxan hər kəs sizdən üstündür" deyib, onların üstünə şığıdı.

Abdullah ildırım sürətilə Yəsara hücum edib, onu yerə yıxdı və qılıncla vurmağa başladı. Bu zaman Salim ona arxadan hücum etdi. Abdullahın qalxanı olmadığından əlini qabağa verdi, Salimin qılıncı onun sol əlinin barmaqlarını dibindən üzdü. Lakin Abdullah yaraya əhəmiyyət verməyib, Salimi qətlə yetirdi. Bunun ardınca düşmənin bir neçə əsgəri meydana tökülüb, onun vurmağa başladılar. Nəhayət, Abdullah hər tərəfdən üstünə yağan zərbələrin altında şəhid oldu.

Abdullahın həyat yoldaşı Ümmi-Vəhəb çadırdan onu haraylayıb savaşmağa həvəsləndirirdi. Abdullah yaralananda Ümmi-Vəhəb əlinə bir çadır payası götürüb, onun köməyinə tələsdi. Lakin İmam Hüseyn (ə) bu mərd qadını geri çağırıb buyurdu: "Cihad qadınlara vacib deyil".

Abdullah şəhid olandan sonra Ümmi-Vəhəb onun cəsədinin üstünə gəlib, başını dizi üstə aldı. Bu zaman Şümr ibn Zülcövşən öz nökərinə əmr verdi ki, bu fədakar qadını öldürsün. Nökər əlindəki əmudla Ümmi-Vəhəbin başından vurub, onu şəhid etdi.