"Müğənnilər elə bil akademikdirlər, hamısı elmlər namizədi olub" Tanınmış aktyor müğənniləri sərt tənqid etdi FOTO


Kriminal 16 Okt 2018 21:03:00 329 0

"Müğənnilər elə bil akademikdirlər, hamısı elmlər namizədi olub"  Tanınmış aktyor müğənniləri sərt tənqid etdi  FOTO

Aktyor Faiq Mirzəyevin Son.az-a müsahibəsi.

- Faiq bəy, yaradıcısı olduğunuz "Ömrün fəsilləri" verilişi artıq uzun müddətdir ki, efirdə yoxdur. Olmaya veriliş bağlanıb?

- Efirdə yoxdursa, demək ki, bağlanıb. Bu veriliş 2012-ci ilin sentyabrından 2017-ci ilin noyabrına qədər efir həyatı yaşadı. Özü də sponsorsuz. İlk qonağımız xalq artisti Həmidə Ömərova idi. Yəqin ki, onun ayağı sayalı olmuşdu bu verilişə. Onu da deyim ki, televiziyada sponsorsuz verilişlərin taleyi çox zaman uğursuz olur. Amma bizim rəhbərlik hər şeyə rəğmən uzun müddət "Ömrün fəsilləri"ni efirdə saxlaya bildi. Nədənsə sponsorlar elmə, təhsilə, mənəviyyata köklənən layihələrə maraqlı deyillər. Nə deyim? Veriliş bağlanmasaydı daha yaxşı olardı. Çünki hələ nə qədər ömrünün səhifələrini vərəqləmək istədiyim sənət şəxsiyyətini çəkə bilmədim.

- Verilişin yayımını dayandırmaq sırf öz istəyinizlə oldu?

- Bu cür maraqlı verilişin bağlanmasını mən necə istəyə bilərəm? Doğrusunu deyim ki, bu verilişlə nəfəs alırdım. Veriliş indiki televiziya məkanında bu formatlı proqramların guya reytinq verməməsi səbəbilə bağlandı. Bəzən öz-özümə fikirləşirdim ki, hal-hazırda efirlərdə yayımlanan verilişlərin fonunda "Ömrün fəsilləri" elə doğrudan da kimsəyə lazım olmayan bir veriliş idi. Düşünürdüm ki, doğrudanmı sənət xadimlərimizin, söz və musiqi ustadlarımınızın həyat və yaradıcılığı daha heç kəsi maraqlandırmır? Amma sonradan verilişi efirdə görməyən tamaşaçıların çoxsaylı sualları və verilişin bağlanmasına görə çox təəssüflənmələri məni bu fikirdən daşındırdı. Demək ki, maraq var idi. Xalq öz personalarını tanımağa maraqlıdır. 6 ilə yaxın bir müddətdə bu verilişin bir nəfər də olsun "elə-belə" qonağı olmadı. Hamısı bu xalqın sənət səlnaməsində öz möhürünü vurmuş insanlar idi.

- Bu verilişin bitməsi ilə televiziya fəaliyyətinizə son qoydunuz?

- Ömrümün 22 ilini televiziyaya həsr etmişəm. ARB televiziyası yarandığı ilk gündən orda olmuşam. Bu televiziyanın efirində ilk müsahibə alan, ilk canlı yayıma çıxan, ilk müəllif proqramı hazırlayan və s. və ilaxır ilklərə imza atanlardan biri də mən olmuşam. Düz 3 il "Gün başladı" səhər informativ proqramının həm rəhbəri, həm rejissoru, həm də aparıcısı olduğumu da tamaşaçılar unutmayıb. Bundan əlavə bir neçə başqa verilişlərim də olub. Yaradıcılıq deportamentinin direktoru vəzifəsinə qədər də müxtəlif vəzifələrdə işləmişəm. Amma özümə söz vermişdim ki, "Ömrün fəsilləri" bağlanan günü mən televiziyadan gedəcəyəm. Nə vəzifə, nə başqa bir layihə məni saxlaya bilməzdi. Odur ki, öz əhdimə sadiq qaldım. Mən bu verilişlə nəfəs alırdım.

- Yenidən televiziyaya qayıtmağınız üçün təklif gəldi?

- Təkliflər gəldi və gəlir də. Sadəcə mən hələ də ordayam... Orda eşitdiyim maraqlı həyat hekayələri, sənət taleləri, səhnə uğrunda gedən mücadilələr, verilən qurbanlar və daha nələr, nələr. Hələ də ordayam, "Ömrün fəsilləri"ndə. Onun təsirindən hələ də çıxmamışam.

- Ömrünüzün hansı fəslindəsiniz?

- Bilirsiniz bu sualla nə qədər söz və sənət sahiblərinə müraciət etmişəm. Fikirləşmişəm ki, nə zamansa bu sualı mənə ünvanlasalar cavabımın orijinallığı maraqlı olarmı? Demək olar ki, bütün fərqli cavabları almışam. Qonaqlarımın hərəsi bir cür təsvir edirdi özünü hansı fəsildə gördüyünü. Mənə ən yaxın olanı İradə Tuncayın cavabı olmuşdu: "Könlümdəki mövsümlərə uymaz bu təbiət. İnsanın içindəki mövsümlər birbaşa onun yaşadığı mühitlə bağlıdır. O mühitdə nə baş verirsə, sənin içindəki mövsüm odur". Məndə bu saat fəsli zimistandır (gülür).