Saqqallı kişilər xoşunuza gəlir?


Digərləri 16 Okt 2018 21:06:00 257 0

Saqqallı kişilər xoşunuza gəlir?

Cəmiyyətdə gözəllik standartları zaman keçdikcə dəyişir - bu, məlum faktdır. Eyni zamanda, gözəllik barədə bizim şəxsi təsəvvürlərimiz də dəyişə birlər - bəzən, cəmi bir bir neçə dəqiqəyə.

Saqqallar dəbə girəndən əvvəl mənim üzü təmiz qırxılmış kişilərdən xoşum gəlirdi. Sonra saqqal modası başladı. İndi çoxsaylı saqqallı kişilərə baxanda, mən bu görünüşdə olanlara daha diqqətlə baxıram. Güman ki, bunu edən tək mən deyiləm.

Guardian qəzetinin keçirdiyi sorğuda iştirak edən qadınlardan biri deyib: "Saqqallı kişiləri daha cazibədar sayıram. Bu, əvvəl vacib deyildi, indi isə tanışlarımın təxminən yarısı saqqallıdırlar".

Minillərlə davam edən təkamül bizə müəyyən cizgilərin gözəl olduğunu aşılayıb. Misal üçün, simmetrik sifətləri biz daha cazibədar sayırıq.

iz bilirik ki, gözəllik standartları zaman keçdikcə dəyişir, amma bu, uzun müddət ərzində, media və geniş dairələri əhatə edən mədəni dəyərlər və baxışların təsiri altında baş verir.

Hərənin öz zövqü olduğunu anlasaq da, çoxları inanır ki, onların gözəl saydığı cizgilər ömürləri boyu dəyişməz qalır.

Lakin sən demə, bizim gözəllik standartlarımız düşündüyümüzdən daha sürətli tərzdə dəyişirmiş - bu, bəzən il və ya aylar yox, cəmi bir neçə dəqiqə ərzində baş verə bilər.

"Araşdırmalar göstərir ki, gözəllik baxanın gözü ilə ölçülsə də, baxanın özünün daim dəyişdiyi də nəzərə alınmalıdır, - Johns Hopkins Universitetinin Carey Biznes Məktəbinin dosenti Haiyang Yang deyir.

Onun keçirdiyi araşdırma göstərib ki, bizim gözəllik standartlarımız başqalarının təsiri altında dəyişə bilər.

"İnternet dövründə insanlarda gözəllik standartları barədə təsəvvür daha sürətlə dəyişməyə başlayıb", - Yang qeyd edir.

Bunun səbəbi - internetin bizə hər gün göndərdiyi minlərlə foto və onlayn-tanışlıq xidmətlərilə bağlı ola bilər.

Son araşdırmalar göstərir ki, gözəllik barədə təsəvvürlərimiz sürətlə dəyişməklə yanaşı, hansı sifətlərə baxmağımızdan da asılıdır.

Saytlarda və mobil tətbiqlərdə belə dəyişiklik saniyələr ərzində baş verir.

Sydney Universitetində keçirilmiş təcrübədə qadınlar 60 kişinin nə dərəcədə cazibədar olduqlarını qiymətləndiriblər. Kişilərin fotoları ekranda saniyənin üçdə biri ərzində göstərilib.

Alimlər müəyən ediblər ki, növbəti kişi sifətinin cazibədar olub-olmamasına əvvəlki şəkil təsir göstərib: iştirakçılar hansısa sifəti cazibədar sayıblarsa, ondan sonra gələni də onlara cazibədar görünüb.

Və əksinə: əvvəlki fotoda insan cazibəsiz görünubsə, növbəti şəkildə də insanın cazibəsiz görünəcəyi ehtimalı yüksək olub.

Ona bənzəyirdi ki, təcrübə iştirakçılarının gözəllik standartları hər yeni sifət göstərildikcə dəyişirdi.

Bu hal informasiyanın beynimizdə necə təhlil edilməsilə bağlıdır.

"Beynimiz gözlərimiz vasitəsilə aldığımız vizual informasiyanın təhlilini çatdıra bilmədiyindən, fürsət olanda işini sadələşdirir - əvvəlki vizual informasiya təhlilini əsas götürür", - Sydney Universitetindən araşdırma müəllifi Jessica Taubert deyir.

Beynimizin istifadə etdiyi bu cür sadələşdirmə üsuluna bəzən ardıcıllıq asılılığı da deyilir.

Yəni, adətən, biz cismin fiziki cizgilərinin bir andan digərinədək stabil qalacağını güman edirik. Misal üçün, əgər siz qəhvə fincanına baxıb nəzərinizi kənara yönəldirsizsə, siz əminsiniz ki, həmin fincandakı qəhvəyə yenidən nəzər salacağınızda o, yenə də eyni cür görünəcək.