Kirayə bazarında “qiymətlər yanır”


Digərləri 16 Okt 2018 20:32:00 190 0

Kirayə bazarında “qiymətlər yanır”

Bu tendensiya davam etsə, Bakıdakı mənzillərin yarısı, İstanbuldakı kimi, kirayənişinlərlə dolu olacaq. 

Son.az oxu.az-a istinadən xəbər verir ki, kirayə qiymətlərinin artımı bu il xüsusilə nəzərəçarpan olub.

"Bahalaşmanın səbəbi, tələblər kimlərdən gəlir?", "Qarşıdakı illərdə bazarı nə gözləyir?" kimi suallara cavab tapmağa çalışacağıq. 

Yenidən şəhərə!

2015-ci il devalvasiyasından sonra "şəhərdən kəndə" şüarı gündəmə gəlsə də, bu, çox uzun sürmədi. Bakıda kirayə bazarındakı artan qiymətlər yenə də kəndin şəhərə köçdüyünü göstərir. Üstəlik, turistlərin sutkalıq verilən evlərə tələbatları artdığından qiymətlər üzü yuxarı gedir. 

Paytaxtın kirayə bazarında qiymətləri tələbat formalaşdırır. Qiymət artımı isə 100-150 manat civarındadır. Bəs, tələbat niyə artıb? 

1. Köhnə binalar sökülür, yeniləri az tikilir; 2. İş yerləri yenə də paytaxtda cəmlənib; 3. Orta qiymət seqmentində mənzil təklifi azdır; 4. Turist axını əmlak bazarındakı vəziyyətə birbaşa təsir edir.

Hər il 60 min ailə kirayə bazarına üz tutur

Artıq iki ildir ki, inşaat sektorunun ÜDM-dəki payı 5 faizi ötmür. Halbuki, vaxtilə bu göstərici 35 faizin üstündə idi. Rəqəmlərə görə, il ərzində 20-25 min ev tikilir. Müqayisə üçün deyək ki, hər il Azərbaycanda 80 min nikah qeydə alınır.

Əmlak bazarı üzrə ekspert Ramil Qasımzadənin sözlərinə görə, potensial olaraq, hər il 60 min ailə kirayə bazarına üz tutur.

Bundan başqa, kirayə bazarının 20 faizini tələbələr təşkil edir. Azərbaycanda işləyən xarici ölkə vətəndaşlarının bu bazardakı payı 10 faiz təşkil edir. Halbuki bu faiz əvvəllər 20 faizin üstündə idi. 

Son illər Azərbaycanda xarici şirkətlərin sayının azalması və əmək bazarında yerli kadrların yetişməsi xarici kirayənişinləri azaltdı. Kirayə bazarında ailəsi rayonda yaşayan, özü Bakıda çalışan işçi heyətinin də çəkisi az deyil.

Əvvəllər ailəsi ilə birlikdə kirayədə yaşayan region sakini indi bir neçə iş yoldaşı ilə birlikdə kirayə qiymətini bölüşərək məskunlaşmağa çalışır. Nəticə olaraq, hazırda Bakıda birotaqlı mənzili 300 manata tapmaq müşkül məsələdir.