Respublika Veteranlar Təşkilatının uğurlu fəaliyyətinin əsasında Azərbaycan dövlətinin yüksək diqqət və qayğısı dayanır


Digərləri 16 Okt 2018 17:56:31 221 0

Respublika Veteranlar Təşkilatının uğurlu fəaliyyətinin əsasında Azərbaycan dövlətinin yüksək diqqət və qayğısı dayanır

Respublika Veteranlar Təşkilatının yaradılmasının 30 illik yubileyi qeyd olunub

Bakı. Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı fəaliyyət göstərdiyi 30 il ərzində ölkəmizin ictimai-siyasi həyatında fəal iştirak edib və bu gün də yüksək fəallığı ilə seçilən aparıcı ictimai qurumlardan biridir. Hazırda sıralarında müharibə, əmək, Silahlı Qüvvələr və hüquq-mühafizə orqanları veteranları olmaqla, bir milyondan çox üzvü birləşdirən Təşkilatın yubileyinin qeyd edilməsi böyük əhəmiyyət daşıyır. Qurum vətənpərvərlik tərbiyəsini, eləcə də azərbaycançılıq məfkurəsini gənc nəsil arasında təbliğ edir, ölkəmizin ərazi bütövlüyünün təmin olunması, erməni faşizminin ifşası, eləcə də dünyada sülhün və əmin-amanlığın qorunub saxlanılmasına töhfələr verir. Trend-in məlumatına görə, bu fikirlər Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının yaradılmasının 30 illik yubileyi münasibətilə oktyabrın 16-da Dövlət Təhlükəsizliyi Xidmətinin Mədəniyyət Mərkəzində keçirilən tədbirdə səslənib. Yubiley tədbirində dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, Böyük Vətən müharibəsi veteranı, Respublika Veteranlar Təşkilatının sədri, general-polkovnik Tofiq Ağahüseynov, təşkilatın üzvləri, ictimai qurumların təmsilçiləri və gənclərlə yanaşı, müxtəlif ölkələrin veteran qurumlarının nümayəndələri iştirak ediblər. Əvvəlcə respublikamızın ərazi bütövlüyü, müstəqilliyi uğrunda şəhid olanların, İkinci Dünya müharibəsində həlak olmuş insanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycanın dövlət himni səsləndirilib. Sonra Binəqədi rayonundakı 83 nömrəli məktəb-liseyin şagirdlərinin ifasında ədəbi-bədii kompozisiya nümayiş olunub. Respublika Veteranlar Təşkilatının sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilov bu qurumun yaradılmasının 30 illik yubileyi münasibətilə İkinci Dünya, Əfqanıstan, Qarabağ müharibələrində qəhrəmanlıq nümayiş etdirmiş, Vətənə canı bahasına xidmət etmiş veteranları təşkilatın sədri, general-polkovnik Tofiq Ağahüseynov adından təbrik edib. Ölkəmizdə veteran hərəkatının yaranması və təşkilatın fəaliyyəti haqqında danışan Cəlil Xəlilov qeyd edib ki, İkinci Dünya müharibəsində faşizm üzərində Qələbənin qazanılmasına böyük töhfələr vermiş veteranlara Azərbaycanda ən yüksək diqqət və qayğının göstərilməsi ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndərin respublikaya rəhbərliyinin birinci dövründə veteranlar təşkilatının fəaliyyətində canlanma yaranıb və bu hərəkat bütün ölkəni əhatə edib. Dahi şəxsiyyətin Vətən, xalq qarşısında xidmətləri olan insanlara qayğıkeş münasibəti, bütün rayon və şəhərlərdə veteran təşkilatlarının yaranmasına göstərdiyi kömək hərəkatın yüksəlişində başlıca rol oynayıb. Diqqətə çatdırılıb ki, 1987-ci ildə təsis olunan Respublika Veteranlar Təşkilatına həmin vaxt general-mayor Mustafa Nəsirov sədrlik edirdi. Ancaq 1990-cı illərin əvvəllərində ölkədə yaşanan hərc-mərclik Respublika Veteranlar Təşkilatının fəaliyyətinə də mənfi təsir göstərib. Məhz ümummilli lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə Azərbaycana rəhbərliyə qayıtması ilə veteranlar təşkilatının fəaliyyəti bərpa olunub, 9 May – Qələbə Günü yenidən dövlət bayramları sırasına daxil edilib, müharibə iştirakçılarının və əlillərinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində ardıcıl və məqsədyönlü addımlar atılıb. Müdrik dövlət xadimi Heydər Əliyevin 1994-cü il iyunun 28-də imzaladığı “Veteranlar haqqında” Qanunda bu diqqət və qayğının hüquqi əsasları müəyyənləşdirilib. Onun veteranlara qayğı siyasəti hazırda Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir, veteranlara dövlət qayğısı yeni səviyyəyə qaldırılıb. Bu qayğının ən son nümunəsi kimi Respublika Veteranlar Təşkilatına ayrılan inzibati binanı, müntəzəm imzalanan sərəncamlar əsasında 1941-1945-ci illər İkinci Dünya müharibəsi iştirakçılarına, faşizm üzərində Qələbə münasibətilə ayrılan birdəfəlik maddi yardımın və pensiyaların miqdarının ildən-ilə artırılmasını, veteranların və müharibə əlillərinin mənzil və avtomobillə təmin edilməsini, onlara Prezident təqaüdünün verilməsini və digər məsələləri qeyd etmək olar. Veteranların sosial müdafiəsinin təminində bütün dövlət orqanlarının köməyini yüksək qiymətləndirən, Prezidentin qayğısını xüsusi qeyd edən C.Xəlilov səmərəli fəaliyyətin təşkilində göstərilən dəstəyə görə veteranlar adından Azərbaycan Prezidenti İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya minnətdarlığını bildirib. Vurğulanıb ki, Respublika Veteranlar Təşkilatının fəaliyyətinin səmərəli qurulmasında Prezident İlham Əliyevin rəhbərliyi ilə veteranlara göstərilən diqqət və qayğı mühüm rol oynayır. Prezident İlham Əliyevin veteranlara hərtərəfli qayğı siyasətinin başlıca məqsədi vətənpərvər insanların xidmətlərinin qiymətləndirilməsi, cəmiyyətdəki mövqelərinin, sosial müdafiəsinin gücləndirilməsidir. Veteranlar bu qayğını daim yüksək qiymətləndirir, buna əməli işləri, ölkənin ictimai-siyasi həyatında yaxından iştirakları ilə cavab verməyə çalışırlar. Yaradılmış şəraitə görə dövlətimizin başçısına daim minnətdar olan veteranlar Prezidentimizin daxili və xarici siyasətini fəal dəstəkləyirlər.