Gömrük əməkdaşlarının potensialının artırılması sahəsində tərəfdaşlıq əlaqələri gücləndirilir


Digərləri 16 Okt 2018 17:24:00 269 0

Gömrük əməkdaşlarının potensialının artırılması sahəsində tərəfdaşlıq əlaqələri gücləndirilir

Ümumdünya Gömrük Təşkilatının Bakıda yerləşən Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisində ÜGT-nin Avropa regionu üzrə tədris mərkəzləri rəhbərlərinin 9-cu iclası başlayıb.

Bakı. Ümumdünya Gömrük Təşkilatının Bakıda yerləşən Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisində ÜGT-nin Avropa regionu üzrə tədris mərkəzləri rəhbərlərinin 9-cu iclası başlayıb. Dövlət Gömrük Komitəsindən (DGK) Trend-ə verilən məlumata görə, tədbirin açılış mərasimində komitənin sədr müavini, gömrük xidməti general-mayoru İqbal Babayev, ÜGT-nin əməkdaşları, Rusiya, Qazaxıstan, Qırğızıstan və Macarıstanda yerləşən regional tədris mərkəzlərinin nümayəndələri iştirak edib. İ.Babayev mərasimdə çıxış edərək bildirib ki, dünyada gedən qloballaşma prosesləri ilə paralel olaraq ticarət dövriyyəsinin artması gömrük işinin təşkili sahəsində də yeni çağırışları, yeni yanaşmaları ortaya qoyur. Gömrük orqanları həm ticarətin asan və sürətli həyata keçirilməsini təmin etməli, həm də ölkənin iqtisadi təhlükəsizliyini, insanların sağlamlığını, əqli mülkiyyət hüquqlarını qorumalı, hüquqpozmalara qarşı mübarizə aparmalıdır. İ.Babayev gömrük xidmətlərinin potensialın gücləndirilməsi alətlərinin tətbiqi hesabına bu istiqamətdə qarşılaşdıqları problemləri aradan qaldırmasının mümkünlüyünü və tədbirin bu işə töhfə verəcəyinə ümidvar olduğunu deyib. Komitə sədrinin müavini potensialın gücləndirilməsi və gömrük sistemində elmi nailiyyətlərin tətbiqi istiqamətində Azərbaycan Gömrük Xidmətinin həyata keçirdiyi tədbirlərdən də bəhs edib. Bildirilib ki, ölkədə 2014-cü ildə Beynəlxalq Gömrük Universitetləri Şəbəkəsi (INCU) və DGK-nin birgə təşkilatçılığı ilə “Bali sazişindən irəli gələrək ticarətin asanlaşdırılması: siyasətin gerçəkləşməsi” mövzusunda ilk qlobal konfrans, 2015-ci ildə 53 ölkədən 241 nümayəndə, 21 beynəlxalq və regional təşkilatın təmsilçisi, o cümlədən 3 Nobel mükafatçısının iştirak etdiyi ÜGT-nin 10-cu illik PICARD (“Gömrük sahəsində akademik araşdırmalar və inkişaf uzrə əməkdaşlıq proqramı”) konfransı, 2016-cı ildə “Gənclərin dialoqu - beynəlxalq gömrük əməkdaşlığının genişləndirilməsi yolu ilə potensialın artırılması” və 2017-ci ildə isə “Gömrük idarəçiliyində aktual məsələlər və çağırışlar” mövzusunda beynəlxalq tələbə konfransları və digər mühüm tədbirlər keçirilib.