Komitədən SOS! Kişilərin sayı arta, qadınların sayı azala bilər


Digərləri 16 Okt 2018 16:58:13 255 0

Komitədən SOS! Kişilərin sayı arta, qadınların sayı azala bilər

“Qeyri-rəsmi statistikaya görə, Azərbaycanda hər 100 hamilə qadından 30-u abort etdirir.

Bakı. İlhamə İsabalayeva - “Qeyri-rəsmi statistikaya əsasən, Azərbaycanda hər 100 hamilə qadından 30-u abort etdirir. Sosioloqların fikrinə görə, əgər bu templə getsə, 2050-ci ildə Azərbaycan əhalisinin 12 milyona çatması ilə bağlı proqnozlar real olmaya bilər”. Bunu Trend-ə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və analitik araşdırmalar şöbəsinin baş məsləhətçisi Aynur Veysəlova deyib. A.Veysəlovanın sözlərinə görə, 2050-ci ilədək əhali 12 milyona çatsa belə, selektiv abortlar nəticəsində ölkədə cins nisbətinin pozulması davam edərsə, əhalinin tərkibində qadınların sayı azala, kişilərin sayı arta bilər. Bu isə genefondumuza mənfi təsir etməklə onun pozulmasına səbəb olar. Komitə rəsmisi deyib ki, bioloji normaya əsasən, doğulan hər 100 qıza 105-107 oğlan düşməlidir. Azərbaycanda isə artıq kəskin fərqlənmə var və hər 100 qıza 114 oğlan düşür. Bunun artıq demoqrafik problem olduğunu deyən A.Veysəlova qeyd edib ki, Azərbaycan qanunvericiliyi abortları qadağan etmir. Ölkədə abortların 6 həftəlik müddətə qədər ambulator şəraitdə, 6 həftədən 12 həftəyədək müddətdə isə yalnız stasionar müəssisələrdə aparılmasına icazə verilir: “Amma hamiləlik 12 həftəni keçibsə, o zaman xüsusi sosial və tibbi göstərişlər olmalıdır, əks halda aborta icazə verilmir. Hazırda dünyanın bir sıra ölkələrində aktual problemlərdən biri də doğulan uşaqların cinsə görə nisbətinin pozulmasıdır. Əfsuslar olsun ki, Azərbaycan da bu problemdən kənarda qalmayıb. Ailədə əsasən həyat yoldaşının, qayınana və qayınatanın istəyinə görə oğlan uşaqlarının ana bətnində saxlanılması, qız uşaqlarının isə məhv edilməsi cəmiyyətdə gender balansının, eləcə də genefondun pozulmasına gətirib çıxara bilər”. Komitə rəsmisinin sözlərinə görə, statistikaya əsasən, Azərbaycanda abortların sayı hər il artır. 2003-cü ildə Azərbaycanda abort edənlərin sayı 16 912, 2010-cu ildə 26 801, 2016-cı ildə 34 569, 2017-ci ildə 37 618 qadın abort etdirib. Abortların çoxu yaşı 29-dək olan qadınların payına düşür: