Azərbaycanda sosial xidmət sahəsində inqilab olacaq DOST mərkəzlərinin yaranmasına az qaldı


Digərləri 16 Okt 2018 07:00:00 294 0

Azərbaycanda sosial xidmət sahəsində inqilab olacaq  DOST mərkəzlərinin yaranmasına az qaldı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 9-da Nazirlər Kabinetinin 2018-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında sosial ədaləti pozanlara qarşı çox ciddi tədbirlər görüləcəyini qeyd edərək, bu məqsədlə yaradılacaq DOST mərkəzlərinin əhəmiyyətini yüksək dəyərləndirib: Azərbaycan Prezidenti: Sosial ədaləti pozanlara qarşı çox ciddi tədbirlər görüləcək "Sosial sahədə ciddi islahatlar aparılır. Nazirliyin yeni rəhbərliyinə mənim tərəfindən çox ciddi tapşırıqlar verildi ki, sosial ədaləti pozanlara qarşı çox ciddi tədbirlər görülsün. Bu sahədə rüşvətxorluğa, korrupsiyaya qarşı mübarizə çox ciddi aparılmalıdır və hazırda aparılır, şəffaflıq təmin edilir, bu sahədə yol verilmiş pozuntular aradan qaldırılır. İnzibati və institusional yollarla bu sahədə də ən müasir elektron texnologiyalar tətbiq olunmalıdır ki, şəffaflıq və ədalət tam təmin edilsin. Mənə görülən işlərlə bağlı müntəzəm olaraq məlumat verilir. Sosial sahədə biz "ASAN xidmət"in analoqunu yaradırıq - Dayanıqlı və Operativ Sosial Təminat mərkəzləri, bunun adı da yaxşıdır - DOST mərkəzləri, mənası da yaxşıdır. Hesab edirəm ki, bu sahədə vətəndaşlar yaxın gələcəkdə müsbət dəyişiklikləri görəcəklər, artıq görürlər. İndi yerlərdən məlumat gəlir, ancaq biz hələ islahatların birinci mərhələsindəyik".

Qeyd edək ki, Prezident İlham Əliyevin 9 avqust 2018-ci il tarixli "Əhalinin məşğulluğu, əmək, sosial müdafiə və təminat sahələrində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında" Fərmanına əsasən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində "Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi" publik hüquqi şəxsin (DOST Agentliyi) və DOST mərkəzlərinin yaradılması istiqamətində nazirlikdə müvafiq işlər aparılır. Bu Fərman Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın dövlət sosial xidmətlərinin geniş bir hissəsinin - əmək, məşğulluq, sosial təminat, ünvanlı dövlət sosial yardımı, əlillik, pensiya, sosial sığorta və s. üzrə 120-dən çox xidmətin "bir pəncərə"dən operativ, sadələşdirilmiş prosedurlarla, şəffaf və nəzakətli, vətəndaş rahatlığı prinsipi əsasında təqdim olunması ilə bağlı təşəbbüsünün reallaşmasına təminat verib.

Məsələ ilə bağlı Son.az-ın sorğusuna cavab olaraq ƏƏSMN-dən bildiriblər ki, Fərmanla yaradılacaq DOST mərkəzləri Nazirliyin fəaliyyət sahələrinə aid 126 xidməti əhatə edəcək. İlk DOST mərkəzinin isə cari ilin sonunadək Bakıda yaradılması planlaşdırılıb və bu istiqamətdə hazırda zəruri işlər davam etdirilir. Nazirliyin tabeliyində yaradılacaq DOST agentliyi və DOST mərkəzləri sosial xidmətlərin sadələşdirilmiş prosedurlarla şəffaf və operativ təşkilini təmin edəcək. Hazırda bu mərkəzlərin fəaliyyətinin təşkili ilə bağlı müvafiq qanunvericilik bazası yaradılır.

Azərbaycanda Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi yaradılır Nazirlikdən onu da bildiriblər ki, Prezident İlham Əliyevin məlum Fərmanında əksini tapan tapşırıqlara uyğun olaraq, DOST Agentliyi və mərkəzlərinin yaradılması üçün konkret tədbirləri nəzərdə tutan yol xəritəsi hazırlanıb və bu əsasda müvafiq işlərin vaxtlı-vaxtında görülməsi də təmin olunur. Fərmanla DOST Agentliyi və mərkəzlərinin fəaliyyətini təmin etmək məqsədilə bir sıra normativ hüquqi aktların layihələrinin, habelə müvafiq təkliflərin hazırlanması işləri aparılıb. Həmçinin, Agentliyin və mərkəzlərin təşkilati strukturunun, iş rejiminin, ştat vahidlərinin və sayının, kadrların seçimi, hazırlığı və işə qəbulu mexanizminin müəyyən olunması, DOST mərkəzlərində göstəriləcək xidmətlərin siyahısının, bu xidmətlərin göstərilməsi qaydasının və s. hazırlanması istiqamətlərində işlər görülüb. Müvafiq xidmətlər üçün tələb olunan sənədlərin minimuma endirilməsi məqsədilə qanunvericilikdə dəyişikliklərin edilməsi ilə bağlı təkliflər də hazırlanır.