Kino tariximizdə ilk rəngli bədii filmin müəllifi


Kriminal 15 Okt 2018 22:49:00 322 0

Kino tariximizdə ilk rəngli bədii filmin müəllifi

Görkəmli kinorejissor Hüseyn Seyidzadənin anadan olmasından 108 il ötür

O, bu gün Azərbaycan milli kino sənətinin görkəmli nümayəndələrindən biri kimi yüksək peşəkarlığı, işinə böyük məhəbbəti, son dərəcə təvazökar ziyalı nümunəsi ilə seçilən sənət adamı kimi xatırlanır. Korifey sənətkarın yaradıcı irsi əsl mənada böyük məktəbdir. Onun fəaliyyətinin dərindən araşdırılıb öyrənilməsi bir tərəfdən kino tariximizin tədqiqi, digər tərəfdən xalqın mənəvi yaddaşının yeni nəslə çatdırılması baxımından xüsusi əhəmiyyət kəsb edir. Görkəmli kinorejissor, Əməkdar incəsənət xadimi, Azərbaycan kino tarixində ilk rəngli bədii filmin müəllifi Hüseyn Seyidzadə daim düşünən, axtarışda olan rejissor idi. Çəkdiyi filmlərin üzərində yaradıcılıqla işləyir, hər kadra məna verməyə çalışırdı. Belə olmasaydı təbii ki, onun filmləri ümumxalq məhəbbəti qazanmazdı.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bu gün görkəmli kinorejissor Hüseyn Seyidzadənin anadan olmasından 108 il ötür.

1912-ci ildə qədim Azərbaycan şəhəri olan İrəvanda dünyaya göz açan Hüseyn Seyidzadə yeniyetmə çağlarından zəhmətə alışıb. Erməni daşnaklarının azərbaycanlılara qarşı törətdikləri cinayətlər zamanı onun ailəsi Bakıya köçmüş və yeniyetmə Hüseyn fabrikdə fəhləlik etmişdir. Həyata nikbin baxışı 1928-ci ildə onu aktyor kimi Bakı İşçi Teatrının səhnəsinə gətirib. O, 1929-cu ildə Leninqrada (indiki Sankt-Peterburq) Dövlət Fəhlə Gənclər Teatrına təcrübə keçməyə göndərilib və bir il sonra Bakıya qayıdaraq "İlk komsomol buruğu" bədii filmində neftçi rolunda çəkilib.

O, Moskva Dövlət Kinematoqrafiya İnstitutunda təhsil aldığı illərdə (1931-1936) Mixail Romm, Lev Kuleşov, Sergey Eyzenştey kimi tanınmış sənətkarlardan kino sənətinin sirlərini öyrənib. Bakıya qayıdan gənc mütəxəssis kinostudiyada "Bakılılar", "Bir ailə" bədii filmlərində rejissor assistenti, dublyaj rejissoru işləyib. Onun Niyazi Bədəlovla birgə hazırladığı "Ayna" (1940) bədii filminin çəkilişləri məlum olmayan səbəblərə görə dayandırılsa da, iki il sonra həmin materiallar əsasında "Sovqat" qısametrajlı bədii filminə quruluş verib. Bir müddət "Lenfilm", "Mosfilm" və M.Qorki adına kinostudiyalarda təcrübə keçən sənətkar, bu studiyalarda istehsal olunan filmlərdə rejissor assistenti, ikinci rejissor vəzifələrində çalışıb.