Atatürkün ömrünün son ilində 55 gün qaldığı gəmi MUZEYDƏN REPORTAJ


Digərləri 15 Okt 2018 22:55:00 351 0

Atatürkün ömrünün son ilində 55 gün qaldığı gəmi  MUZEYDƏN REPORTAJ

1897-ci il. Osmanlı sultanı II Əbdülhəmidin izni, bəhriyyə (dənizçilik) naziri Bozcaadalı Həsən Hüsnü paşanın göstərişi ilə Osmanlının ilk dəniz muzeyi təsis edilir. Çünki Osmanlı xanədanlığı tarixi boyunca quru savaşları ilə yanaşı dəniz müharibələri ilə də məşhurdu, zamanın ən güclü donanmalarından birinə sahibdi. Həmin vaxtdan etibarən fəaliyyət göstərən dəniz muzeyi müxtəlif binalarda yerləşsə də, 1961-ci ildə İstanbulun Beşiktaş ərazisindəki indiki binasına köçüb.

***

Son.az teleqraf.com-a istinadən bildirir ki, Türkiyədəki bir çox muzey kimi dəniz muzeyi də tələbələr üçün pulsuzdur. Girişdən sonra ilk qarşımıza çıxan böyük qayıqların sərgiləndiyi salon oldu. Buradakı qayıqlar tarixinə görə nişanlanıb, hansı sultanın dönəminə aid olduğu qeyd edilib. Qoşa kürəkli, köşklü qayıqlar Sultan Əbdüləziz (1861-1876), Sultan Əbdülməcid (1839-1861), V Məhəmməd Rəşad (1909-1918) dönəmlərinə aiddir. Bu qayıqlardan sultanların ailəsi istifadə edib. Bu salonda eyni zamanda müxtəlif qayıq başlıqları, gəmi adlarının yazıldığı lövhələr və s. sərgilənir.

Muzeydə Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün istifadə etdiyi 4 qayıq da sərgilənir. Bu qayıqlardan birini Atatürk Ankarada Qazi çiftliyində Qaradəniz hovuzunda, digərini Mərmərə hovuzunda, üçüncünü isə Floryadakı Prezident köşkündə istifadə edib. Sonuncu qayıq isə məşhur Savarona gəmisinə aiddir.

Dərya kapitanının bayrağı

Muzeydə bizim üçün ən maraqlı dərya kapitanı adını qazanmış məşhur Barbaros Xızır Xeyrəddin paşanın 1534-1546-cı illərdə istifadə etdiyi bayraq oldu. Yaşıl rəngli ipək parçanın üzərində ağ ipək qumaşla yazılar və simvollar çəkilib. Bayrağın bir hissəsində Quranın Səff surəsinin 13-cü ayəsi, digər üzündə isə kəlimeyi-şəhadət yazılıb. Bayraqda 4 İslam xəlifəsinin adları, Zülfiqar qılıncı, altıguşəli ulduzlar da həkk olunub. Saçaqlar da daxil olmaqla bayrağın ölçüsü 214 x 295 sm-dir.

Muzeydə müxtəlif kreyserlərə aid sancaqlar da sərgilənir. Məsələn, 1903-1947-ci illərdə fəaliyyət göstərən Məcidiyyə, Həmidiyyə kreyserlərinə aid bayraqlar qaranlıq sərgi salonunda işıq saçır.

Kitablar, əlyazmalar, dalğıc geyimləri

Muzeyin kitablar, əlyazmalar bölümündə qədim Qurani-Kərim, Prussiya elçisinin xatirəsi, Osmanlı dənizçilik tarixinə aid nadir əsərlər, fotoşəkillər saxlanılır. Salonlardakı Osmanlı və Türkiyə Cümhuriyyəti dönəminə aid uniformalar, gəmi modelləri, toplar, gəmi başlıqları, dalğıc geyimləri və s. insanı donanmanın əsgəri kimi hiss etdirir.