“Hüquqazidd hərəkətlərə qarşı inamlı mübarizə aparılır”


Digərləri 15 Okt 2018 19:56:00 204 0

“Hüquqazidd hərəkətlərə qarşı inamlı mübarizə aparılır”

Sosial şəbəkələrdə məktəblərdən uşaqların oğurlanması, böyrəyinin çıxarılıb sonra uşağın küçəyə atılması ilə bağlı yayılan söz-söhbətlər ciddi müzakirəyə və təşvişə səbəb olub. Hətta uşaq oğurluğu və orqan alveriylə məşğul olduğu iddia edilən qadının fotosu yayılıb. İddialara görə, bir neçə gün öncə Qubada bir uşaq oğurlanaraq böyrəyi çıxarılıb. Vatsap qruplarında paylaşılan səs yazısında qeyd edilir ki, cinayətkarlar uşaqları oğurlayarkən polis geyimindən istifadə edirlər.

Bu müddət ərzində isə bir dənə də olsun fakt aşkarlanmayıb. İrəli sürülən iddialar söz-söhbətdən o yana keçmir. Yayılanların şayiə olmasına rəğmən valideynlər çox narahatdır. Bütün məktəblərdə, mobil tətbiqlərdə, hətta ictimai nəqliyyatda belə hamı bu hadisədən danışır, vatsap qruplarına atılan səs yazısını bir-birinə dinlədirlər. Səs yazısındakı mətn eyni olsa da, məktəblərin adı müxtəlifdir. Birində hadisənin Xırdalanda, birində Suraxanı məktəblərində, digərində isə Hövsanda baş verdiyinə dair əsassız ünvanlar səslənir. Son.az palitranews.az-a istinadən xəbər verir ki, Daxili İşlər Nazirliyi (DİN) sosial şəbəkələrdə Bakıda və respublikanın şimal bölgəsində məktəbli uşaqların "orqan mafiyası" tərəfindən qaçırılması barədə yayılan məlumatlara münasibət bildirib. Nazirliyin Mətbuat xidmətinin rəis müavini, polis polkovniki Orxan Mansurzadə deyib ki, sosial şəbəkələrdə və bir sıra xəbər saytlarında yayılan belə məlumatların heç bir əsası yoxdur və onlar həqiqəti əks etdirmir. Bu cür məlumatların şayiə və dezinformasiyadan başqa bir şey olmadığını qeyd edən O.Mansurzadə iddia olunan yerlər də daxil olmaqla ümumiyyətlə respublikanın heç bir bölgəsində belə halların qeydə alınmadığını deyib: "Bu məsələ ilə bağlı polis orqanlarına hər hansı məlumat və müraciət daxil olmayıb, heç bir fakt qeydə alınmayıb. Biz dəfələrlə qeyd etmişik, ictimaiyyətə bildirmişik ki, vətəndaşlar qarşılaşdıqları, üzləşdikləri istənilən hüquq pozuntuları, cinayət xarakterli hadisələrlə bağlı Daxili İşlər Nazirliyinin "102-Zəng Mərkəzi" Xidmətinə məlumat versinlər və ya aidiyyəti üzrə polis orqanlarına müraciət etsinlər. Əhali arasında əsassız olaraq çaşqınlıq, qorxu atmosferi yaradılmasına xidmət edən təxribat xarakterli belə məlumatların bilərəkdən, müvafiq dövlət qurumları ilə hər hansı dəqiqləşdirmə aparılmadan yayılması, sosial şəbəkələrdə və bir sıra xəbər portallarında tirajlanması mövcud qanunvericiliyin tələblərinə görə yolverilməzdir və kütləvi informasiya azadlığından bu formada sui-istifadə müəyyən hüquqi məsuliyyət də doğurur".