UEFA Millətlər Liqasında reallaşan və gözlənilən yerdəyişmələr - TƏHLİL


İdman 15 Okt 2018 14:12:00 263 0

UEFA Millətlər Liqasında reallaşan və gözlənilən yerdəyişmələr - TƏHLİL

Ötən həftəsonu UEFA Millətlər Liqasında keçirilmiş oyunların nəticələrinə əsasən bəzi komandaların taleyinə aydınlıq gəlib.

Goal.az xəbər verir ki, A liqasının 3-cü qrupunda çıxış edən Polşa yığması oktyabrın 14-də evdə İtaliyaya məğlub olmaqla, B Liqasına düşüb. İtaliya və Portuqaliya isə final mərhələsinə yüksəlməyə iddialıdırlar. Noybarın 17-də evdə Portuqaliyanı məğlub etsə və rəqibi qrupun son oyununda doğma meydanda Polşanı üstələyə bilməsə, İtaliya 1-ci yeri tutacaq. Portuqaliyanı isə səfərdə heç-heçə də qane edir. Bir oyun az keçirən Portuqaliyanın 6, İtaliyanın 4, Polşanın 1 xalı var.

B Liqasının 2-ci qrupunda yer alan Türkiyə oktyabrın 14-də səfərdə Rusiyaya 2 cavasız qolla uduzmaqla, A Liqasına vəsiqə şansını itirib. Rusiya noyabrın 20-də səfərdə İsveçlə heç-heçə edərsə, A Liqasına yüksələcək. Noyabrın 17-də baş tutacaq Türkiyə - İvseç qarşılaşmasında heç-heçə qeydə alınacağı təqdirdə də ruslar arzusuna çatacaq. Türkiyə isə İsveçə uduzsa, C Liqasına enəcək. Hazırda Rusiyanın 7, Türkiyənin 3, bir oyun az keçirən İsveçin 1 xalı var.

C Liqasının II qrupunda yer alan Estoniya oktyabrın 12-də doğma meydanda Finlandiyaya 0:1 hesabı ilə uduzmaqla, B Liqasına yüksəlmək şansını itirib. Hazırda Finlandiyanın 9, Yunanıstanın 6, Macarıstanın 3 xalı var. Hər 3 oyunundan məğlub ayrılan Estoniya isə xalsızdır. 

D Liqasında 3-cü qrupda yer alan Malta oktyabrın 14-də Azərbaycanla 1:1 hesablı heç-heçə etməklə C Liqasına yüksəlmək şansını itirib. Noyabrda baş tutacaq matçlarda Kosovo Maltada qalib gəlsə, liderliyi təmin edə bilər. Bunun üçün Azərbaycanın evdə Farer adaları ilə heç-heçə etməsi şərtdir. Hazırda Kosovonun 8, Azərbaycanın 6, Farer adalarının 4, Maltanın 2 xalı var.

Millətlər Liqasının geridə qalan bölümündən sonra bəzi komandalar qrup qalibi olmağa, bəziləri isə sonuncu yeri tutmağa yaxındırlar.

A Liqasının II qrupunda qərarlaşan İslandiya bu gün İsveçrəyə qalib gələ bilməsə, B Liqasına düşəcək. Hazırda Belçikanın 6, İsveçrənin 3 xalı var. İslandlar isə hər iki görüşündə uduzub.

A Liqasının IV qrupunda mübarizə aparan İspaniya bu gün evdə İngiltərəyə qalib gəlsə, yarışın final mərhələsinə vəsiqəni təmin edəcək. Hazırda İspaniyanın 6, İngiltərə və Xorvatiyanın 1 xalı var.

C Liqasının 1-ci qrupunda yer alan Albaniya noyabrın 17-də evdə Şotlandiyanı məğlub edə bilməsə, axırıncı yeri tutacaq və D Liqasına düşəcək. Bu qrupda İsrail 6 xalla 1-ci yerdədir. Şotlandiya və Albaniya isə 3 xalla son iki pilləni bölüşürlər. Şotlandlar albanları evdə 2 cavabsız qolla məğlub etdikləri üçün üstünlüyə malikdirlər.

Şotlandiyadan bir oyun çox keçirən İsrail qrupun son matçında səfərdə bu komanda ilə heç-heçə edərsə, B Liqasına yüksələcək.

C Liqasında 3-cü qrupda mübarizə aparan Bolqarıstan 1-ci yeri və B Liqasına vəsiqəni təmin etməyə yaxındır. Bunun üçün “Qarabağ”ın futbolçusu Simeon Slavçevin də formasını geyindiyi komanda oktyabrın 16-da Norveçi səfərdə məğlub etməli, Kipr isə rəqib meydanında Sloveniyaya qalib gəlməməlidir.

Sloveniya isə D Liqasına düşmək üzrədir. Bu, komandanın evdə Kiprə qalib gələ bilməməsi və Norveçin uduzmaması halında baş verəcək. Hazırda Bolqarıstanın 9, Norveçin 6, Kiprin 3 xalı var. Sloveniya isə bütün matçlarda yenilib.

C Liqasının 4-cü qrupunda yer alan Serbiya B Liqasına yüksəlmək üzrədir. Bunun üçün serblərin noyabrın 17-də evdə Monteneqroya qalib gəlməsi, Rumıniyanın isə doğma meydanda Litvaya uduzması lazımdır. Montoneqronun taleyi öz əlindədir. Bu komanda son 2 matçda qələbə qazansa, qrupu lider kimi başa vuracaq.

Birinci yeri tutmaq fürsətini daha öncə əldən verən Litva isə son 2 oyunda qalib gəlməli və Rumıniyanın Montoneqroya məğlubiyyətinə ümid etməlidir. Əks halda, bu komanda D Liqasına qoşulacaq.

Hazırda Serbiyanın 8, Monteneqronun 7, Rumıniyanın 6 xalı var. Litva isə keçirdiyi bütün matçlarda məğlub olub.

D Liqasında 1-ci qrupda yer alan Gürcüstanın liderliyini təmin etmək üçün çox yaxşı şansı var. Qonşu dövlətin yığma komandası oktyabrın 16-da səfərdə Latviyanı məğlub etsə və ya Qazaxıstan evdə Andorra ilə bərabərə qalsa, arzusuna çatacaq. Gürcüstanın 9, Latviya, Qazaxıstan və Andorranın 2 xalı var.

D Liqasında 4-cü qrupda çıxış edən Makedoniya oktyabrın 16-da Ermənistanı səfərdə məğlub etsə, 1-ci yeri təmin edə bilər. Bunun üçün Cəbəllütariqin evdə Lixtenşteynlə heç-heçə etməsi şərtdir. Hazırda Makedoniyanın 9, Ermənistan, Lixtenşteyn və Cəbəllütariqin 3 xalı var.

Qeyd edək ki, Millətlər Liqasında UEFA-ya üzv olan 55 ölkənin yığma komandaları qitə futbol qurumunun reytinqində yer aldıqları mövqelərə uyğun olaraq 4 liqaya və səbətlərə bölünüblər. 1 – 12-ci yerlər A, 13 – 24-cü yerlər B, 25 – 39-cu yerlər C, 40 – 55-ci yerlər isə D liqasına düşüblər.

A Liqasında 4 qrupun qalibi olacaq yığmalar 2019-cu ilin iyununda keçiriləcək final mərhələsinə vəsiqə qazanacaqlar. Burada yarımfinal, 3-cü yer uğrunda matç və final oynanılacaq. B, C və D liqalarının qrup qalibləri isə üst liqaya vəsiqə əldə edəcəklər. A, B və C liqalarında sonuncu yeri tutanlar isə aşağı liqaya düşəcəklər.

Həmçinin, A, B, C və D liqalarının qalibləri AVRO-2020-yə vəsiqə qazanacaqlar. Qaliblər hər liqada qrup birinciləri arasında təşkil olunacaq “Dördlər finalı”nda müəyyənləşəcək. Burada bir matçdan ibarət yarımfinal və final olacaq.

Millətlər Liqasında yer aldığı qrupun qalibi olacaq komanda seçmə mərhələ vasitəsilə AVRO-2020-yə vəsiqə qazanarsa, yerini 2-ci yeri tutan yığmaya verəcək. (Report.az)