Yusif Kərimov vəfat edib
Digərləri 15 Okt 2018 13:36:39 284 0
Azərbaycanın Əməkdar jurnalisti Yusif Kərimov vəfat edib.
Son.az Trend-ə istinadən xəbər verir ki, Azərbaycan Mətbuat Şurasının nekroloqunda deyilir:
"Azərbaycan jurnalistikasına, publisistikasına və ədəbiyyatına ağır itki üz verib. Azərbaycan Respublikasının Əməkdar jurnalisti Yusif Abbas oğlu Kərimov ömrünün 79-cu ilində dünyasını dəyişib. Bundan kədərlənir, mərhumun doğmalarının, əzizlərinin, yaxınlarının və dostlarının üzüntüsünü paylaşır, dərin hüznlə başsağlığı veririk.
Yusif Kərimov 1940-cı il mayın 5-də Bərdə rayonunda anadan olub. 1957-1962-ci illərdə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsində təhsil alıb. Tələbəlik illərindən aktual mövzularda yazıları, bədii nümunələri ilə seçilmiş Y.Kərimov peşəkar əmək fəaliyyətinə ölkənin avanqard dövri nəşri olan "Kommunist" ( indiki "Xalq qəzeti") qəzetində başlayıb. Az sonra Beyləqan rayonunda nəşrə başlamış "Yüksəliş" rayonlararası qəzetinin redaksiyasına məsul katib göndərilib, eyni zamanda "Kommunist" qəzetinin xüsusi müxbiri vəzifəsini də yerinə yetirib. 1964-cü ildə "Bakı" axşam qəzeti redaksiyasına şöbə müdiri dəvət edilmiş istedadlı jurnalist 1973-cü ilədək paytaxtın bu nüfuzlu gündəlik nəşrində çalışıb.
Yusif Kərimov sonrakı 5 ildə Azərbaycan Dövlət Teleradio Verilişləri Komitəsində televiziyanın gənclər üçün proqramlar baş redaksiyasında şöbə müdiri və baş redaktor işləyib. Jurnalistikadakı rəhbər vəzifələrdə özünü təşəbbüskar və məsuliyyətli yazar kimi doğrulmuş, ədəbi-publisistik yaradıcılığı ilə geniş auditoriyada tanınmış nasir-jurnalist 1978-1980-ci illərdə Bakı Ali Partiya Məktəbində ali siyasi jurnalist təhsili alıb.
Y.Kərimov 1980-ci ildə "Azərbaycan gəncləri" qəzetinə redaktor təyin edilib. 14 il respublikanın bu populyar nəşrinə bacarıqla rəhbərlik edib. 1995-1997-ci illərdə Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasının mətbuat katibi, 1997-2001-ci illərdə isə Azərbaycan Respublikası Ticarət Nazirliyinin mətbuat xidmətinin rəhbəri olub.
Yusif Kərimov təqaüdə çıxdıqdan sonra Bakı Dövlət Universistetinin jurnalistika fakültəsində müəllimlik fəaliyyətini davam etdirib, dəfələrlə jurnalistika üzrə dövlət imtahan komissiyasının sədri olub.