Bakının mərkəzində CANLI TƏHLÜKƏ


Digərləri 15 Okt 2018 13:01:00 233 0

Bakının mərkəzində CANLI TƏHLÜKƏ

Son zamanlar Bakı şəhərində və xüsusilə də kəndlərdə sahibsiz itlərin sayı həddən artıq çoxalıb. Mətbuatda verilən məlumatlara görə sahibsiz itlər tərəfindən, əsasən, uşaqlara hücum edilməsi, onların dişlənməsi halları sayı artmaqdadır.

Son.az xəbər verir ki, Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən modern.az-a məlumatına görə, ötən il 15 mindən artıq adamı sahibsiz heyvan dişləyib ki, onlardan da 13 mini it dişləməsi olub.

Bu problemlə paytaxt sakinləri hər gün üzləşirlər, sahibsiz itlər günün-günorta çağı qarşınıza çıxır, yollarda sərbəst gəzişir, gecələr itlərin boğuşmasından göz yummaq mümkün olmur. Hətta Xəzər rayonunda bir həyətdə 300 it saxlanılması halı da var.

Sahibsiz heyvanları Bakının mərkəz küçələrinədək gətirən səbəblər də var. Adətən onlar özlərinə natəmiz ərazilərdə, ictimai iaşə mərkəzlərinin, sallaqxanaların yaxınlığında, ərzaq məhsulları tullantılarının daha çox atıldığı zibilxanalarda məskən salır. Problemlərdən biri də zibil qutularının yaşayış binalarının yaxınlığında yerləşdirilməsidir. Günün müxtəlif saatlarında bu qutuların yanında siçovul, it, pişik kimi heyvanlara rast gəlinir.

Bundan ən çox narahat olan isə valideynlərdir. Ən təhlükəlisi də hücum edən itin quduz olmasıdır. Ekspertlər qeyd edir ki, it dişləməsindən sonra insanda quduzluq qeydə alınarsa, ciddi müalicə olunmazsa, ölümlə nəticələnir.

Azyaşlıların sahibsiz itlərin hücumuna məruz qalması halları Qaradağ, Binəqədi, Xəzər, Yasamal, Sabunçu, Suraxanı, bir sözlə demək olar ki, bütün rayonlarda qeydə alınıb. Çox sayda KİV nümayəndələrinin yaşadığı 20-ci sahə, Yeni Salyan yolu 22 ünvanındakı "Jurnalistlər binaları"nın yaxınlığında da xeylı miqdarda sahibsiz itlərin gəzdiyini gündəlik olaraq öz gözlərimizlə müşahidə edirik.