Azərbaycanın Əməkdar jurnalisti Yusif Kərimov vəfat edib


Digərləri 15 Okt 2018 13:05:21 247 0

Azərbaycanın Əməkdar jurnalisti Yusif Kərimov vəfat edib

Azərbaycanın Əməkdar jurnalisti Yusif Kərimov vəfat edib.

Bakı. Azərbaycanın Əməkdar jurnalisti Yusif Kərimov vəfat edib. Trend-in məlumatına görə, Azərbaycan Mətbuat Şurasının nekroloqunda deyilir: "Azərbaycan jurnalistikasına, publisistikasına və ədəbiyyatına ağır itki üz verib. Azərbaycan Respublikasının Əməkdar jurnalisti Yusif Abbas oğlu Kərimov ömrünün 79-cu ilində dünyasını dəyişib. Bundan kədərlənir, mərhumun doğmalarının, əzizlərinin, yaxınlarının və dostlarının üzüntüsünü paylaşır, dərin hüznlə başsağlığı veririk. Yusif Kərimov 1940-cı il mayın 5-də Bərdə rayonunda anadan olub. 1957-1962-ci illərdə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsində təhsil alıb. Tələbəlik illərindən aktual mövzularda yazıları, bədii nümunələri ilə seçilmiş Y.Kərimov peşəkar əmək fəaliyyətinə ölkənin avanqard dövri nəşri olan “Kommunist” ( indiki “Xalq qəzeti”) qəzetində başlayıb. Az sonra Beyləqan rayonunda nəşrə başlamış “Yüksəliş” rayonlararası qəzetinin redaksiyasına məsul katib göndərilib, eyni zamanda “Kommunist” qəzetinin xüsusi müxbiri vəzifəsini də yerinə yetirib. 1964-cü ildə “Bakı” axşam qəzeti redaksiyasına şöbə müdiri dəvət edilmiş istedadlı jurnalist 1973-cü ilədək paytaxtın bu nüfuzlu gündəlik nəşrində çalışıb. Yusif Kərimov sonrakı 5 ildə Azərbaycan Dövlət Teleradio Verilişləri Komitəsində televiziyanın gənclər üçün proqramlar baş redaksiyasında şöbə müdiri və baş redaktor işləyib. Jurnalistikadakı rəhbər vəzifələrdə özünü təşəbbüskar və məsuliyyətli yazar kimi doğrulmuş, ədəbi-publisistik yaradıcılığı ilə geniş auditoriyada tanınmış nasir-jurnalist 1978-1980-ci illərdə Bakı Ali Partiya Məktəbində ali siyasi jurnalist təhsili alıb. Y.Kərimov 1980-ci ildə “Azərbaycan gəncləri” qəzetinə redaktor təyin edilib. 14 il respublikanın bu populyar nəşrinə bacarıqla rəhbərlik edib. 1995-1997-ci illərdə Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasının mətbuat katibi, 1997-2001-ci illərdə isə Azərbaycan Respublikası Ticarət Nazirliyinin mətbuat xidmətinin rəhbəri olub.