Bakıda qəzet redaksiyası soyğunçuluğa məruz qaldı


Digərləri 15 Okt 2018 12:45:00 229 0

Bakıda qəzet redaksiyası soyğunçuluğa məruz qaldı

Bakıda "Novoye vremya" qəzetinin redaksiyası naməlum şəxslər tərəfindən soyğunçuluğa məruz qalıb.

Bakı. Samir Əli - Bakıda "Novoye vremya" qəzetinin redaksiyası naməlum şəxslər tərəfindən soyğunçuluğa məruz qalıb. Bu barədə Trend-ə açıqlamasında qəzetin baş redaktoru Şakir Ağayev məlumat verib. Onun sözlərinə görə, hadisə oktyabrın 11-dən 12-nə keçən gecə baş verib: "Mən həmin vaxt xaricdə idim. Naməlum şəxslər qapını qıraraq redaksiyaya daxil olub. Əvvəlcə həmin şəxslər işçilərin dolablarını dağıdıblar. Daha sonra şüşəni qırıb qapını açmaqla mənim otağıma daxil olublar. Mənim otağımda seyfi açmağa cəhd ediblər. Lakin seyfi aça bilməyib açar yerini yararsız vəziyyətə salıblar, otağımı alt-üst ediblər. Mənim otağımdan əsasən suvenirlərin, hədiyyələrin bəzilərini oğurlayıblar". Ş.Ağayev bildirib ki, redaksiya əməkdaşları oktyabrın 12-də səhər saatlarında məsələ ilə bağlı Daxili İşlər Nazirliyinə məlumat veriblər. Hadisə yerinə dərhal Nərimanov rayon Polis İdarəsinin 16-cı polis bölməsinin əməkdaşları gəlib və hadisə yerinə baxış keçiriblər.