"İtpişiyə “internet müğənnisi”ndən daha çox hörmət edirəm"


Şou-biznes 15 Okt 2018 11:55:00 241 0

"İtpişiyə “internet müğənnisi”ndən daha çox hörmət edirəm"

Son.az konsert proqramı ilə çıxış etməyə hazırlaşan Əməkdar artist Tünzalə Ağayevanın oxu.az-a müsahibəsini təqdim edir:

- Tünzalə xanım, konsert yaxınlaşır. Özünüzü necə hiss edirsiniz?

- Yaxşı olmağa çalışıram. Son zamanlar az müsahibə verdiyim üçün bütün suallar yığılır və yorucu müsahibələr olur. Ancaq başa düşürəm ki, işim bunu tələb edir. Həyatımdan və işimdən məmnunam. Hər şey yaxşıdır. İşləməyi sevirəm. Bu yoruculuq mənim üçün artıq adət halını alıb.

- Həyəcan var, yoxsa artıq belə vəziyyətlərə öyrəşmisiniz?

- Yox, həyəcan olmasa, deməli, işinə səthi yanaşırsan. Hər konsert yeni bir övlad kimi dünyaya gəlir. Onun rəngi, halı, adı başqadır. Bənzərlikdən qaçıram, ona görə hamısına sanki ilk konsertim imiş kimi yanaşıram. Xəyal dünyamda təsəvvür etdiyim musiqini konsertlərimdə reallaşdırmağa çalışıram. Çünki konsertimin tək ifaçısı yox, həm də musiqi prodüseriyəm.

"Hicaz" qrupu çox yaxın dostlarımdır, konsertdə onlarla bərabər səhnədə böyük bir orkestr olacaq - simli alətlər və nəfəs alətləri orkestri. Hər zaman estrada-simfonik orkestri ənənəsini yaşatmaq istəmişəm. Bu orkestri Tofiq Quliyev kimi böyük bir bəstəkar yaradıb, Rafiq Babayevorkestrə rəhbərlik edib. Daha bir fərqli tərəfi odur ki, orkestrin notlarının müəllifi mənəm.

Çalışmışam ki, ideyalarımı çatdırım. Sözsüz ki, onların hamısı peşəkar musiqiçidir. İdeyaları müzakirə edirik, onlar məni, mən də onları dinləyirəm. Ancaq konsertimin ideya müəllifi mənəm. Çox maraqlı quruluşda olan bir konsert tamaşaçıları gözləyir.

- Konsertin adı da maraqlıdır - "Şərhsiz". Niyə?

- Mənim üçün şərhsiz olan musiqinin özüdür. O, mənim üçün kosmik bir nemətdir. Musiqi ilə bütün varlığını ifadə edə bilirsən. Musiqi səndən güclü bir məfhumdur. Şərhə ehtiyacı olmayan bir gücdür. İnsan musiqi qarşısında acizdir. Musiqi müqəddəs bir anlamdır. Digər tərəfdən, afişalara diqqət etsəniz, "Şərh Siz" deyə yazılıb. Yəni, şərhi tamaşaçılar özü verəcək.

- Bir müddətdir "Mihriban" mahnısının anonsları gedir. Çox dərin bir hekayəsi və dillər əzbəri olan bir mahnıya ikinci dəfə musiqi yazmaq bir az riskli deyil?

- Şeirin müəllifi Abdürrahim Karakoçun övladı Enderhan bəylə görüşüb söhbət etmişəm. Onun ailəsi mahnını çox bəyənib. Dedilər ki, Tünzalə xanım, siz şeirə yeni nəfəs vermisiniz. Türkiyədə insanlar elə bilir ki, mahnını dəyişmişəm. Əsla, mən şeirə musiqi bəstələmişəm. Mahnının bəstəkarı Musa Eroğlunun bəstəsinə qarışmamışam. Bu, bir dəyərdir.

- Necə oldu ki, mahnıya müraciət etmək qərarına gəldiniz?

- İstanbulda kitabxanaları gəzərkən 100 ən yaxşı türk şeiri olan bir kitab qarşıma çıxdı. Şeiri də həmin kitabda gördüm. Sonra Bakıda musiqini yazdım. Mahnı hazır olandan sonra Türkiyəyə qayıtmışdım. Bir neçə musiqiçi və dostlarım əyləşmişdi. Musiqini ifa etdim.

Dedilər ki, sən bizim ən məşhur şeirimizə müraciət etmisən. Bilirsən ki, bu, bizim ən çox dinlənilən "Mihriban" mahnımızdır? Təzədən "Youtube"u açmışıq və dinləmişik. Sonradan ağlıma gəlib ki, belə bir mahnı var imiş. Xəbərdar olmadan musiqini yazmışam. Eşitsəydim belə, yenə musiqimi yazacaqdım. Türküdən fərqli olaraq, mahnımda şeirin bütöv mətnini istifadə etmişəm. Bu yaxınlarda iki klipim çıxacaq. Onlardan biri "Mihriban", digəri isə "Eşqin ünvanı" adlı bəstədir.

- Atanızın ölümündən sonra sizin üçün nələr dəyişdi?

- Biz gözləməməliyik həyatımızdan kimsə getsin, onun qədrini bilməyə başlayaq. Düşünürəm ki, insanlara sağlığında dəyər vermək lazımdır. Övlad sağlığında valideyninin yanında və xidmətində olmalıdır. Bəzilərimiz bunu erkən, bəzisi bir az sonra, digərləri isə itirəndən sonra başa düşür. Vicdanım rahatdır ki, atamı itirəndən sonra belə nüansları düşünməmişəm. Atamın sağlığında belə, çox şeyə münasibətim dəyişmişdi. İstəyirsən, dünyan dəyişsin? O zaman özün dəyişməlisən. Buna görə rahatam.

İnsanın həyatında möcüzələr baş verir. Hətta yola getmədiyin insan belə sənə qarşı dəyişir. Bax, bu anlamda məsələlərə daha ayıq beyinlə və açıqgözlü baxıram. Sonradan peşman olmaq, acı çəkmək, "kaş ki" demək istəmirəm. Ağıllı insan hər şeyi vaxtında edər.

- Atanızın ölümündən bir neçə gün sonra "Bakı -  Milan" adlı mahnı təqdim etdiniz və toy mərasimində iştirak etdiniz. Sizi qınayanlar oldu.

- Məni qınayanlara heç bir münasibətim yoxdur. Laqeyd yanaşıram. Qınağı, qınanılmağı, qınaq edənləri qınayıram. Ümumiyyətlə, "qınaq" sözündən qaçmağa çalışıram, başa da düşmürəm. Heç vaxt heç kəsi qınamaq lazım deyil. Çünki həyatda başına nə gələ biləcəyini bilmirsən. Qəlblərə, hadisələrə şahid və sahib Allahdır. Ən böyük hakim odur.

- Baxımlı və gözəl xanımsınız. Sizcə, gözəl qadın əlçatmaz olmalıdır?

- Qadın bir əmanətdir, ona hər kəs gəlib əlini yapışdıra bilməz. Əmanət bir nəfərə məxsus olmalıdır. Sənət qadınları isə başqalarından fərqli olaraq, şəxsiyyəti, qadınlığı ilə yox, sənəti ilə hər kəsə açıqdır.

Mənim üçün çirkin qadın yoxdur, baxımlı və baxımsız qadın var. Qadın ya tənbəlliyindən, ya yaşam tərzi ilə bağlı olaraq özünə baxmır. Ya da istəyir, amma icazə vermirlər. Əgər insanın həyat tərzi gözümün qarşısındadırsa, o zaman hansısa fikri yürüdə bilərəm ki, sən bunu belə yox, belə edə bilərsən.

Özümə qarşı tələbkaram, qızımdan, çox yaxından tanıdığım qadından soruşa bilərəm ki, sən niyə bunu belə edirsən? Amma uzaqdan rəy bildirmək mənlik deyil.

Bir nəfər küçədə yatırsa, kefindən yatmır. Heç kimi qınamayın, bu, ağlasığmaz bir şeydir. Ən böyük günahdır. Kiminsə yerinə özünü qoyub, onunla empatiya quran insanlar (özünü başqa insanın və ya canlının yerində hiss etmə bacarığı, başqasının dərdinə şərik olma hissi - red.) heç kimi qınamır.

Qadınlar əlçatmaz olmalıdır. Bu gün internet o qədər hər şeyi açıb ortaya tökür ki, dəyərlər ölür.

Buna görə də çalışıram eybəcər, hamının paylaşdığı videolara baxmayım. Biri öldürdü, digəri soyundu - bu tip şeylərə üzülürəm. Belə şeylərə heç vaxt marağım olmayıb.

Elə bilin ki, yol gedirəm, deyirlər ki, o çamura bax. Mən isə bilirəm axı, o çamurdur, əyilib baxmaq istəmirəm. Niyə mən üzümü o çamura bulaşdırmalıyam? Ona görə yan keçirəm. Sevgini də, qadını da əldə etmək lazımdır. Kişi qadın uğrunda mübarizə aparmırsa, əl edən kimi qadın onundursa, apar tulla (gülür).