"Toppuş bacı"nın anasına qarğış etmək, Manafın maşınına girmək, Dilarənin bədəni


Şou-biznes 15 Okt 2018 00:45:00 328 0

"Toppuş bacı"nın anasına qarğış etmək, Manafın maşınına girmək, Dilarənin bədəni

Son.az jurnalist İntiqam Valehoğlunun müəllif layihəsi olan "Həftəbecər"i (193-cü say) təqdim edir.

Əməkdar artist Tünzalə Əliyevanın anası vəfat edib. Allah rəhmət eləsin, günahlarını bağışlasın. Saytlardan oxuyuram ki, Tünzaləylə Şəbnəm Tovuzlu səs-səsə verib deyirlər ki, ağbirçəyi camaatın bədduaları öldürüb. Adam bilmir nə yazsın, necə yazsın? Gerçəkdənmi bu zehniyyət sahibləri düşünürlər ki, Allahın yaratdığını bəndənin bədduası öldürə bilər? Bu düşüncə insanın hansı orqanına məxsusdursa deyə bilmərəm, amma yüz faiz beyin düşüncəsinin məhsulu deyil. Tutaq ki, mən pis iş görmüşəm, efirə çıxıb ipotekamı yığmaq üçün camaatı aldatmışam, sonra da yekə-yekə danışmağa başlamışam. Bu yaramaz hərəkətimə görə mənim anama niyə qarğış olunmalıdır ki? Lap tutaq ki, kimsə anama qarğış edəcək qədər cılızlaşıb və bunu edib. Sizcə doğrudanmı, o qarğışlar mənim anama yönəlir? Təbii ki, yox.

Manaf Ağayev onun maşınının sandıqçasını eşələmək istəyən müxbiri kənara itələyib. Saytlar da bunu müğənninin jurnalistə hücum etməsi kimi qiymətləndiriblər. Bax, bu fikir də beyin məhsulu deyil. Axı jurnalist müğənninin maşınının sandıqçasında nə gəzir? Maşınına girən kimisə yerə düşürmək hücum etməkdirmi? Çox hayıf, min hayıf. Görün jurnalsitika kimi dəyərli peşə haradan haraya gəldi.

Müğənni Dilarə Kazımova bir açıqlama verib. Amma görünür rusdilli olduğundan fikrini tam ifadə edə bilməyib. Sitat: "Bədən ölçülərim hər cür geyinməyimə imkan verir". Dilarə xanım, sizin bədən ölçüləriniz hər cür geyinməyə yox, daha çox hər cür soyunmağa imkan verir. İnanmırsınızsa, adınızı "Google"da axtarışa verib, çıxan fotolara baxın. Əgər orda bir dənə geyimli foto çıxsa, "Həftəbecər"i dayandıracağam. Nə deyirsiniz, mərcləşək? Lap bir şərt də boynuma götürə bilərəm. Uduzsam, Damlanın konsertinə bilet alıb iki saat özümə zülm etməyə də hazıram.