Rumıniya prezidenti İtaliyaya gedir


Dünya 13 Okt 2018 21:28:00 270 0

Rumıniya prezidenti İtaliyaya gedir

Rumıniya prezidenti Klaus Yohannis oktyabrın 14-dən 17-dək İtaliyada rəsmi səfərdə olacaq. Bu, Rumıniya dövlət başçısının İtaliyaya 45 ildən sonra birinci rəsmi səfəridir. Səfər iki ölkə arasında əlaqələrin strateji əməkdaşlıq səviyyəsinə çatmasının on illiyinə təsadüf edir.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, səfər çərçivəsində Klaus Yohannis İtaliya prezidenti Sercio Mattarella, baş nazir Cüzeppe Konti, Senatın sədri Maria Elizabetta Alberti Kasellati və Deputatlar Palatasının sədri Roberto Fiko ilə görüşlər keçirəcək. Eyni zamanda, prezident İtaliya-Rumıniya biznes forumunda da iştirak edəcək. Forumda iki ölkə arasında işgüzar münasibətlərin inkişafı istiqamətində müzakirələr aparılacaq. Rumıniya dövlət başçısının Roma şəhərinin meri Vircinia Raqqi və İtaliyadakı rumın icması ilə görüşü planlaşdırılır.

Səfərlə əlaqədar oktyabrın 14-də Romanın ən qədim tarixi abidələrindən sayılan Trayan sütunu Rumıniya bayrağının rəngində işıqlandırılacaq.