Anqola prezidentinin azərbaycanlı müəllimi


Digərləri 13 Okt 2018 15:54:00 258 0

Anqola prezidentinin azərbaycanlı müəllimi

Dursun Oruc oğlu Hümbətov (Şahzeynallı) 1930-cu il mart ayının 10-da Gürcüstan Respublikasının Marneuli rayonunun, yəni qədim türk eli Borçalının Qurdlar kəndində anadan olub.

Son.az xəbər verir ki, onun ata babası Borçalı elinin seçkin, nüfuzlu zadəganlarından, bəylərindən biri - Hümmət Şahzeynallı olub. Məhz bu səbəbdəndir ki, D.Hümbətovun atası Oruc Hümmətov bəy oğlu kimi 1937-ci ildə Stalin repressiyasına məruz qalıbş, 10 il müddətinə SSRİ-nin uzaq Arxangelsk vilayətinə, siyasi dustaqlar koloniyasına göndərilib. 

Kiçik yaşlarından ailədə atasının yerini tutmağa çalışan qürürlu Dursun gecə-gündüz tarlada, həyətyanı sahədə işləyərək ana-bacısı və kiçik qardaşını dolandırmaqla yanaşı, dərslərini də əla qiymətlərlə oxumaqdan qalmayıb. Təsadüfi deyil ki, 1945-ci ildə o, səkkizillik kənd orta məktəbinin əla qiymətlərlə bitirdikdən sonra orta təhsilini Marneuli şəhərindəki Pedaqoji Texnikumda davam etdirib. 

1949-cu ildə isə texnikumu fərqlənmə diplomu ilə bitirərək V.Lenin adına Azərbaycan Pedaqoji İnstitutunun (indiki Azərbaycan Dövlət Pedaqoji Universiteti) Fizika-Riyaziyyat fakültəsinə qəbul olunub. O, təhsilinin ilk illərindən ən yüksək nailiyyətlər əldə edib, fakültənin həm elmi, həm də ictimai həyatında yaxından iştirak edib. Məhz bu səbəbdəndir ki, D.Hümbətov ikinci kursdan etibarən Stalin adına Dövlət təqaüdünə layiq görülüb. 

Qeyd edək ki, bu nüfuzlu dövlət təqaüdünə həmin institutda Dursun Hümbətovdan əvvəl yalnız Azərbaycanın görkəmli ictimai-siyasi xadimi, Bakı Şəhər PK-nin birinci katibi olmuş Şıxəli Qurbanov layiq görülmüşdü. D.Hümbətov isə həm fakültənin həmkarlar təşkilatının sədri, həm institutun komsomol komitəsinin büro üzvü və qrup nümayəndəsi olub. 

Lakin onun aktiv ictimai həyatı ona elmi bilik və maraqlarını dərinləşdirməyə mane ola bilməmişdi. Təsadüfi deyil ki, həmin dövrdə Dursun Hümbətovun elmi istedadı Azərbaycanda fizika elminin banilərindən biri, görkəmli alim, professor A.Abbaszadənin diqqətindən yayınmayıb. Bu unudulmaz alimin rəhbərliyi altında D.Hümbətovun ilk elmi məqalələri və məruzələri institutda təşkil edilmiş müxtəlif elmi konfranslarda böyük əks-səda doğurub. Məhz bu nailiyyətlərinə görə, 1951-ci ildə Dursun Hümbətov, istisna hal kimi, tələbə ikən Sov.KP sıralarına qəbul olunub.

Beləliklə, D.Hümbətov 1953-cü ildə institutu fərqlənmə diplomu ilə bitirdikdən sonra dövlət təyinatı ilə Azərbaycanın Jdanov (indiki Beyləqan) şəhər orta məktəbində müəllimlik fəaliyyətinə başlayıb, bir neçə il çalışdıqdan sonra isə doğma Borçalıya, kəndinə qayıdaraq, bir müddət qonşu Gorarxı (indiki Algeti) kəndində, sonra isə Baydar kənd orta məktəblərində fizika və riyaziyyat fənlərini yüksək səviyyədə tədris edib. Onun qeyd olunan orta təhsil məktəblərində əzmkar fəaliyyəti öz bəhrəsini verib, burada yüzlərlə gələcəyin yüksək səviyyəli mütəxəssis və alimlərini hazırlayıb. Lakin D.Hümbətovun elmi maraqları, araşdırmaçı həvəsi tezliklə onu aspiranturaya gətirib çıxarıb və o, 1961-ci ildə Azərbaycan SSR Elmlər Akademiyasının Fizika İnsitutunun aspiranturasına daxil olub. Elə həmin ildə, institutun direktoru, görkəmli fizik, uzun müddər Elmlər Akademiyasının prezidenti olmuş, akademik Həsən Abdullayevin şəxsi təşəbbüsü ilə o, Moskva şəhərindəki Üzvi Elementlər Birləşməsinin Kimya və Texnologiyası Dövlət Elmi-Tədqiqat İnstitutuna ezam olunub.