Bakıda 2.5 hektarlıq şam “meşəliyini” 4 yerə bölüb hasarladılar,


Digərləri 13 Okt 2018 15:09:00 286 0

Bakıda 2.5 hektarlıq şam “meşəliyini” 4 yerə bölüb hasarladılar,

Bu günlərdə prezident İlham Əliyev Nazirlər Kabinetinin ilin 9 ayının yekunlarına həsr edilmiş müşavirəsində bir daha Bakıda yaşıllıqların məhv edilməsi hesabına tikintilərin, qanunsuz tikintilərin aparılması məsələsinə toxundu. Prezident bildirdi ki, icra hakimiyyətləri ilə bələdiyyələrin, digər məmurların qarşılıqlı əlbir fəaliyyətinin nəticəsi olaraq yaşıllıqlar məhv edilirdi, şəhərsalma qaydalarını kobud pozmaqla tikintilər aparılırdı.

Prezident qeyd edib ki, görülən tədbirlər nəticəsində ağacların kəsilməsi halları azalıb, amma tam aradan qaldırılmayıb. "Bir daha demək istəyirəm ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəyi olmadan əgər kimsə bir ağac kəsirsə, onda özündən küssün", - İlham Əliyev xəbərdarlıq edib.

Prezidentin Bakıda ekoloji mühitin korlanmasına səbəb olan problemlər barədə növbəti çıxışından sonra  Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Firdovsi Əliyev də mətbuat konfransı keçirdi. Nazir müavini prezidentin tapşırıqlarına uyğun ağac kəsənlərə qarşı sərt tədbirlər görüləcəyini, cərimlərin 4-5 dəfə artırılacağını açıqladı.

Son.az xəbər verir ki, virtualaz.org prezidentin son çıxışının ardınca Bakının Nizami rayonu, Şərq küçəsi 40/85-də, "Azərsutikinti" xəstəxanasının qarşısındakı çoxillik şam ağaclarından ibarət, meşəliyi xatırladan unikal yaşıllıq sahəsində hazırda nələrin baş verdiyini araşdırmaq qərarına gəlib. Belə ki,  ötən ilin noyabrında həmin ərazidə illər əvvəl  hərəyə 20-30 sotdan artıq torpaq zəbt etməklə qanunsuz tikilmiş 10 ev  Suraxanı Rayon İcra Hakimiyyəti tərəfindən sökülmüşdü. (Baxmayaraq ki, həmin yaşıllıq Nizami rayonunun inzibati ərazisinə daxildir) Həmin ərazi əsasən Naxçıvan bölgəsindən olmaqla bir qrup sakin tərəfindən 2000-ci illərin əvvəllərində zəbt edilmişdi .

Bu söküntü prosesi zamanı ərazidə bir neçə ağacın zədələmişdilər və qanunsuz tikililiər polisin iştirakı ilə söküləndən, sakinlərlə qarşıdurmadan sonra  Suraxanı Rayon İcra Hakimiyyətinin göstərişi ilə cəmi 2.5 hektara yaxın yaşıllıq ərazisi hündürlüyü 5-6 metrə çatan hasarla əhatələnmişdi.

Məsələ ictimailəşəndən və saytımız bu barədə yazandan sonra Ekologiya və Təbii Sərvətlər Nazirliyi ağac kəsilməsi faktına görə 6 min manata yaxın  cərimə tətbiq etməklə ərazini nəzarətə götürdüyünü, faktla bağlı Suraxanı Rayon Prokurorluğuna müraciət etdiyini açıqlamışdı.

Yaşıllıq ərazisi 4 yerə bölündü və...

İndi isə bəlli olur ki, təxminən 1 il əvvəl 2,5 hektar yaşıllıq ərazisi qanunsuz evlərdən təmizlənəndən sonra Suraxanı rayon İcra Hakimiyyətinin tapşırığı ilə 4 yerə bölünüb, hündürlüyü 5 metri keçən daş hasarla hasarladıb, darvazalar qoyulub. Əraziyə nəzarət etmək üçün hasarla üz-üzə polis  köşkü də quraşdırılıb. Yaxınlıqdakı evlərin sakinləri deyirlər ki, hərdən bir yad adamlar görünür, darvazalar açılır, içəridən səs-küy eşidilir. Amma hasarın o tayında nə baş verdiyini bilmirlər.

Sakinlərdən biri əlavə edir ki, əvvəl xüsusilə gecələr polis keşik çəkirmiş. İndi günlərlə köşkün qapısı açılmır. Sakin köşkün pəncərəsindəki tozu göstərir.

Sökülən evlərin sakinləri hələ sakitləşməyiblər, məhkəmə çəkişməsi davam edir. Bəziləri yenə də məhəlləyə baş çəkir, sökülən evinin yerində ev tikilib-tikilmədiyini öyrənir.

Nisbətən yaşlı sakin isə əlavə edir ki, indi bu ərazidə sotu 70 minə boş ərazi tapmaq mümkün deyil. Ərazinin qanunsuz tikililərdən təmizlənməsindən sonra niyə hasarlandığı heç kimi maraqlandırmır.


Xəbərə aid fotolar