Hikmət Hacıyev: "Ermənistan hər bir vəchlə Dağlıq Qarabağın erməni və azərbaycanlı icmaları arasında təmasların yaradılmasına mane olur"


Siyasət 13 Okt 2018 14:47:00 318 0

Hikmət Hacıyev: "Ermənistan hər bir vəchlə Dağlıq Qarabağın erməni və azərbaycanlı icmaları arasında təmasların yaradılmasına mane olur"

"Ermənistan hər bir vəchlə Dağlıq Qarabağın erməni və azərbaycanlı icmaları arasında təmasların yaradılmasına mane olur".

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu jurnalistlərə Azərbaycan Prezidenti Administrasiyası Xarici siyasət məsələləri şöbəsinin müdir müavini Hikmət Hacıyev deyib.

H.Hacıyev qeyd edib ki, Ermənistan rəhbərliyi tərəfindən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin əsl mahiyyətini təhrif edən müxtəlif açıqlamalar verilir, iddialar irəli sürülür. Bunlar da reallıqdan tamamilə kənardır, cəfəngiyyatdır:

"Xüsusilə Ermənistan rəhbərliyi tərəfindən münaqişəyə insan hüquqları donu geyindirilməsi cəhdləri və yaxud Azərbaycanın guya Dağlıq Qarabağda əhali olmadan, yalnız əraziləri istəməsi barədə fikirlər də tamamilə qəbuledilməzidir və reallıqdan tamamilə kənardır. Əslində Ermənistan tərəfindən Azərbaycanın əraziləri işğal edilib və Azərbaycana qarşı hərbi təcavüz əməlləri həyata keçirilib. Ermənistanın Azərbaycana qarşı təcavüz siyasətinin tərkib hissəsi olaraq çoxsaylı müharibə cinayətləri, insanlıq əleyhinə cinayət əməlləri törədilib ki, bunlar da büynəlxalq humanitar hüququn kobud şəkildə pozulmasıdır".

PA rəsmisi bildirib ki, bu gün Ermənistan tərəfi hətta Dağlıq Qarabağın azərbaycanlı icmasının olması faktını inkar edir və hər bir vəchlə Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin erməni və azərbaycanlı icmaları arasında təmasların yaradılmasına mane olur, buna imkan vermir: "Ermənistan tərəfinə xatırlatmaq istərdik ki, insan hüquqlarına dair bütün beynəlxalq sənədlərdə açıq və birmənalı şəkildə təsbit olunub ki, insanların hüquqlarının pozulması ilə digər hər hansı bir hüquqların həyata keçirilməsi tamamilə qəbuledilməzdir və bu, düzgün yanaşma deyil".