200dən çox ölkədə fəaliyyət göstərən şirkətdən iş təklifi alan azərbaycanlı Uğur hekayəsi FOTO


Digərləri 12 Okt 2018 23:54:00 276 0

200dən çox ölkədə fəaliyyət göstərən şirkətdən iş təklifi alan azərbaycanlı  Uğur hekayəsi  FOTO

Sevinc Ömərli: "Əvvəllər saatlarla insanları dinləyirdimsə, artıq yox deməyi öyrənmişəm" 

Son.az kaspi.az-a istinadən yazını təqdim edir.

"Bu gündən 500.000-dən çox işçisi ilə dünyanın 200-dən çox ölkəsində fəaliyyət göstərən IBM şirkətinin daimi işçisiyəm. Cəmi 4 aydan sonra daimi iş təklifi alan tək-tük tələbələrdənəm". Bu sözləri gənc azərbaycanlı xanım Sevinc Ömərli feysbukda status olaraq yazmışdı. Və ardınca da "Bu uğurum məndən sizə ərmağan olsun, əziz müəllimlərim" deyə qeyd etmişdi. Biz də müəllimlərini bu cür fərqli təbrik edən, ixtisası üzrə dünyanın ən prestijli şirkətlərindən birində çalışmaq arzusu yerinə yetən Sevinc xanımın "Kaspi"yə müsahibəsini sizlərə təqdim edirik.

S.Ömərli deyir ki, təhsilə önəm verilən bir ailədə böyüyüb: "1990-ci ildə Bakı şəhərində anadan olmuşam. Əslən Qərbi Azərbaycandanam. Atam İbrahim Ömərov Qarabağ veteranıdır. Təhsilə çox önəm verən bir ailədə böyümüşəm. Hələ dörd yaşımızda atam bizə şahmat oynamağı öyrədib. Qonşuluqdakı uşaqları bir araya yığıb evdə şahmat çempionatı keçirirdi. Tez-tez qardaşımla məni ekskursiyaya aparardı. Yadımdadır, hələ üç yaşımızda bizə dünya ölkələrinin paytaxtlarını əzbərlətmişdi. Atamla yanaşı, anam da zehni inkişafımız üçün hər şey edirdi. Birlikdə şeirlər əzbərləyir, evdə maraqlı ssenari yazıb filmlər çəkirdik. Ümumiyyətlə, gərək valideynlər övladlarının inkişafı üçün onlarla vaxt keçirsinlər. Məncə, bunun nəticəsidir ki, təhsil dərəcələrinin ən pik nöqtəsinə qədər gəlib çıxmışam. Bu arada bakalavr təhsilimi Azərbaycan Dövlət İqtisad Universitetinin Türk Dünyası İşlətmə fakültəsində almışam. Magistatura təhsilimi Gazi Universitetinin MBA fakültəsinə təqaüdlü olaraq başa vurdum. Hazırda Macarıstanın Budapeşt Corvinus Universitetinə Marketinq ixtisası üzrə təqaüdlü doktorantura təhsili alıram. Fəlsəfə elmləri namizədiyəm".

- Sevinc xanım, Müəllimlər günündə IBM-də işə başlamağınızla bağlı status yazıb, ardınca da müəllimlərinizin bayramını təbrik etdiniz, təşəkkürlərinizi yazdınız. Ona görə elə ilk olaraq məktəb illərinizdən danışaq. Məktəbdə necə bir şagird olmusunuz?

- Məncə, buna müəllimlərim daha obyektiv cavab verərdi. Amma onu deyim ki, dərslərə hər zaman aktiv qatılmışam, orta məktəbi əla qiymətlərlə bitirmişəm. Müəllimlərlə münasibətim çox yaxşı olub. Hələ də dostluq əlaqələrimiz davam edir. Fərdi inkişafımda universitet müəllimlərimin əsasən, də Nazim Cəfərsoyun rolu böyükdür.

- Davamlı təhsil almısınız, bəs işləmisiniz indiyə qədər?

- Magistatura təhsili aldığım illərdə müxtəlif işlərdə çalışmışam. 2013-cü ildə Türkiyənin Avropa Birliyi Nazirliyində çalışmışam. Türkiyədə fəaliyyət göstərən QHT-lərin Avropa Birliyinə fond müraciətlərini analiz edirdik. 2014-cü ildə universitetin "Erasmus" proqramına qəbul alaraq İngiltərənin Mançester şəhərində "Eurosolar" şirkətində 4 aylıq təqaüdlü praktika keçmək hüququ əldə etmişəm. Bundan başqa, 2015-ci ildə Birləşmiş Millətlər Təşkilatında (BMT) COP12 konfransında qrup lideri olaraq çalışmışam. Eyni ildə Antalya şəhərində keçirilmiş G20 Zirvəsinin təşkilində rol almışam. Bildiyiniz kimi G20 dünyanın inkişaf etmiş və inkişaf etməkdə olan ölkə liderləri ilə Avropa Birliyi təmsilçiliyini bir araya gətirən proqramdır. Zirvədə Barak Obama, Rəcəb Tayyip Ərdoğan, Angela Merkel, Vladimir Putin, Justin Trudeau kimi dünya liderlərini görmək imkanı əldə etmişdim.

Bundan əlavə, təhsil müddətimdə elmi araşdırmalar ilə geniş məşğul oluram. 2017-ci ilin yanvar ayında Beynəlxalq Araşdırma İnstitutunun (International Research İnstitute) Bratislavada keçirdiyi konfransda "İdarəçilərin qərarvermə prosesləri" ilə bağlı məqaləsini təqdim etmişəm. Həmin ilin sentyabr ayında isə Marketinq Trend Assosiasiyasının Londonda keçirdiyi konfransda elektron ticarətlə bağlı yazdığım məqalə ilə çıxış etmişəm. Qlazqo şəhərində keçirilən dünyanın ən məşhur marketinq konfranslarından biri olan EMAC-ın 47-ci toplantısında (Doctoral Colloquium) çıxış edən yeganə azərbaycanlı mən olmuşam. Universitet müəllimlərinin belə dəvət almaqda çətinlik çəkdiyi bu konfransda mən "Şirkətlərin dinamik qiymət strategiyaları və bunun istehlakçıların davranışlarına təsiri" mövzusunda çıxış etmişəm.

- IBM-də işə başlamağınız necə oldu?

- 2018-ci ilin yanvarın ayından etibarən IBM-də praktika keçməyə başladım. Cəmi 4 aydan sonra şirkət tərəfindən mənə biznes-analitik vəzifəsi üzrə daimi iş təklif edildi. Mənim ən böyük hədəflərimdən biri ixtisasım üzrə dünyanın ən prestijli şirkətlərindən birində çalışmaq idi. Buna nail olmağın qürurunu və məsuliyyətini yaşayıram. Həyat yoldaşım da IBM-də kompyuter mühəndisi olaraq işləyir. Mənim buralara gəlməyimdə ən böyük mənəvi dəstəkçim həyat yoldaşımdır. Belə bir məsəl var ki, yüksəlib birləşməkdənsə, birləşib yüksəlmək yaxşıdır. Bu məsəl bizim həyat devizimizə çevrilib.

- Sizcə, 4 ayda necə çalışdınız ki, belə bir təklif aldınız?

- Universitet illərində araşdırma metodlarını çox yaxşı öyrənib, araşdırma və öz-özünə öyrənə bilmə bacarığımı inkişaf etdirmişdim. IBM-in SPSS və AMOS proqramlarına tam hakim olmağım, statistika elmini dərindən bilməyim dörd aylıq praktika müddətində mənim fərqimi ortaya qoydu. Onu da vurğulamaq istəyirəm ki, IBM şirkəti idarəetmə strukturu olara Agile metodologiyasını mənimsəyib. Bu ideya ilə proyektlərin yaşam döngülərini çox düzgün idarə edib, qaynaqları daha verimli bir şəkilə gətirərək, müştərinin tələblərini daha yaxşı anlayır və buna uyğun davranırlar. Agile başlı-başına bir fəlsəfədir və mənim bu fəlsəfəni tez bir zamanda öyrənməyim də müsbətlərimdən biri oldu.


Xəbərə aid fotolar