"Bu gün tamaşaçının ardınca qaçmağa məcburuq"


Kriminal 12 Okt 2018 23:45:00 564 0

"Bu gün tamaşaçının ardınca qaçmağa məcburuq"

Son.az kaspi.az-a istinadən müsahibəni təqdim edir.

Uzun illərdən bəri ailəmizin çox yaxın dostu olan şair, dramaturq Novruz Gəncəlini yaxşı xatırlayıram. O Novruz Gəncəli ki, taleyin qismətindənmi, ya da elə özünün tale yükündənmi, ömrünün çox hissəsini Gəncədə keçirib. Bu illər ərzində hər dəfə ailəmizin qonağı olaraq mərhum atam, respublikanın xalq artisti Məhəmməd Burcəliyevlə birgə teatr sənəti ilə bağlı maraqlı söhbətlərinin şahidi olurdum. Sonradan rejissor Hilal Həsənovun Gəncə Dövlət Dram Teatrının səhnəsində, onun qələmə aldığı "Səadət yağış deyil" pyesinin hazırlanması ilə səhnə təcəssümünü böyük maraqla izlədim. Qismətimə nəsib oldu ki, mən də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində təhsil almalı oldum. Universitet illərində isə qarşıma yeni bir imza çıxdı - Xəzər Gəncəli. Araşdırmalarım nəticəsində bildim ki, Xəzər Gəncəli şair, dramaturq Novruz Gəncəlinin oğludur. Bir necə dəfə onunla bu illər ərzində görüşmək cəhdlərim boşa çıxdı. Sonralar isə eşitdim ki, Xəzər Gəncəli artıq respublikamızdan kənarda - İstanbulun Mərmərə Universitetində teatr aktyoru və rejissorluğu ixtisası üzrə dərs deyir. Beləcə, bu görüş bizim üçün on iki illik bir fasilədən sonra telekanalların birində çəkiliş zamanı reallaşdı. Çəkiliş pavilyonunda qarşımda dayanan şəxsin Xəzər Gəncəli olduğunu bildikdə, sevincimin həddi-hüdudu yox idi. Çünki bu görüşü illərdir ki, gözləyirdim. Elə burada da xəbər tutdum ki, o, artıq vətənə dönüb və Mədəniyyət Nazirliyinin göndərişi ilə Mingəçevir Dövlət Dram Teatrına baş rejissor təyin olunub. Bu təyinatdan sonra dəfələrlə Mingəçevir Dövlət Dram Teatrının qonağı olub, Xəzər Gəncəlinin hazırladığı tamaşalara böyük maraqla baxdım. Beləliklə, həmsöhbətimiz Mingəçevir Dövlət Dram Teatrının baş rejissoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru Xəzər Gəncəlidir.   - Uzun illərdir rejissor kimi fəaliyyət göstərirsiniz. Bu illər ərzində bir rejissor olaraq, Xəzər Gəncəli özünü tapa bildimi?       - Bu sənət elədir ki, istər-istəməz ömrünün axırına kimi axtarışda olursan. Bu axtarış sonsuzluğa gedir, tamamlanması mümkün deyil. Ona görə də, "özünü tapmaq" söhbəti çətin məsələdir. Əgər sənət yolundasansa, axtarışdasansa özünü tapa bilməzsən. Axtarırsan, maneələrə, çətinliklərə rast gəlirsən, daş-kəsəkli yollar keçirsən, yaxşı işin də olur, bərbad işin də. Bir çox tamaşalara quruluş vermişəm. Ancaq bu o demək deyil ki, hamısı yüksək səviyyədə qurulan tamaşalardır. Əlbəttə, bu tamaşaların hər birində axtarışda olmuşam. Ancaq hələ də özümü tapmamışam. Mənə belə gəlir ki, bu sözü heç kəs deyə bilməz. Bu baxımdan, axtarışdayam və ömrümün sonunadək də yəqin ki, axtarışda olacağam.    - Bu gün dövrümüz texnika, internet əsridir. Canlı olan teatr bu günün tələbləri qarşısında acizdir. Bunlara rəğmən, tamaşaçı duyumunu özündə saxlamaqla, teatrlarımız repertuar siyasətini necə təşkil etməlidir?    - Bu bir reallıqdır və bilirsiniz ki, tamaşaçını heç cürə teatra qaytara bilmirik. Sözsüz, otuz il bundan qabaqkı tamaşaçı axını yoxdur. Bunun da səbəbini hamımız çox yaxşı bilirik. Təəssüf ki, bu gün televiziyalarda bayağı, yüngül formada tamaşalar göstərilir. Tamaşaçı tələbatı, nədənsə, bu səpgili verilişlərədir. Ancaq vaxt və dövr olub ki, teatrlarımıza axın olub. Təbii ki, burada həm də televiziyaların böyük rolu var. Çünki evimdə artıq 300-400 kanala baxmaq imkanım var və teatr mənim evimə gəlib. Bütün bunların çox böyük təsiri var. Bu gün tamaşaçının ardınca qaçmağa məcburuq. Müxtəlif yollarla tamaşaçını teatrlarımız üçün bərpa etməliyik. Dövr və zaman, tələbat dəyişib. Məgər bu gün bizim pis tamaşalarımız var? Çox gözəl tamaşalarımız var. Bütün teatrlarımızda rejissorlarımız böyük maraqla yeni quruluşlar verirlər. Azərpaşa Nemətov, Bəhram Osmanov, İradə Gözəlova, Vaqif Şərifov və digər rejissorlarımız fədakarlıqla çalışırlar. Ancaq zala baxırsan, boşdur.    - Mingəçevir Dövlət Dram Teatrında vəziyyət necədir? Teatrda çalışdığınız müddətdə hansı tamaşaları hazırlayıbsınız?   - Mingəçevir Dövlət Dram Teatrında çox maraqlı ab-hava mövcuddur. Burada yaradıcılıq atmosferi çox güclüdür. Deyə bilərəm ki, teatrımız artıq öz keçmiş ənənələrini bərpa edir. Əvvəllər regionda teatrımızın adı çox az-az çəkilirdi. Ancaq indi şükürlər olsun ki, Mingəçevir teatrı intibah dövrünü yaşayır. Bunu, mənim rejissorluq fəaliyyətimlə əlaqələndirmək də olar, olmaz da. Üç il müddətində on bir tamaşa hazırlayıb təhvil vermişəm. Bu teatrda ilk tamaşam  türk yazarı Cahid Atayın "Pusquda" tamaşası olub.  Daha sonra Sevinc Elsevərin Xocalı soyqırımına həsr olunan "Ürəyində arzu tut" pyesinin motivləri əsasında eyni adlı tamaşasını təhvil verdim. Bu tamaşa da çox maraqla qarşılandı. 20 yanvar faciəsinə həsr olunan Ağəddin Babayevin yazdığı "Ağla qərəqnfil, ağlı" adlı ədəbi-bədii kompozisiyanı hazırladıq. Bu tamaşanı yanvarın 20-də tamaşaçılara təqdim etdik. Daha sonra Qoqolun "Müfəttiş" əsəri dövlət sifarişi ilə oldu. Pyesin tamaşası böyük rəğbətlə qarşılandı. Süleyman Sani Axundovun "Bir eşqin nəticəsi" əsəri üzərində çalışdıq. Bu tamaşa da maraqla qarşılandı. Xüsusi olaraq qeyd etmək istəyirəm ki, bu pyesə Dövlət Dram Teatrları içərisində ilk dəfə olaraq Mingəçevir teatrının yaradıcı kollektivi müraciət edib. Sonra klassik dramaturgiyaya müraciətimiz oldu. Mirzə Fətəli Axundzadənin  "Sərgüzəşti-vəziri-xani-Lənkəran" komediyasına müraciət etdik. Sözsüz ki, repertuar zənginliyi və tamaşaçı duyumu bizim üçün əsas şərtdir. Ötən ay Abdulla Şaiqin "Bir saat xəlifəlik" pyesinin tamaşasını hazırlayıb teatrsevərlərin ixtiyarına vermişik. Hal-hazırda yenə də Abdulla Şaiqin "Qaraca qız" pyesi üzərində yaradıcılıq işi aparıram.     - Region teatrında gənc kadr potensialının çatışmazlığı faktı danılmazdır. Mingəçevir teatrında da sözsüz ki, bu problem qaçılmazdır. Problemin həlli üçün hansı addımlar atılır?   - Sözsüz ki, bu gün region teatrlarında yeni kadr potensialının çatışmazlığı böyük problemdir. Bu problem bizi çox narahat edir. Hazırda Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində təhsil alan tələbələrə çox ehtiyacımız var. Ancaq tələbələr təhsil aldıqdan sonra Mingəçevir teatrına üz tutmurlar. Bu, çox dərin məsələdir. Əvvəllər tələbələr bölgə teatrlarına təyinat alırdılar. Biz həvəslə gedib işləyirdik. Əvvəllər Mədəniyyət və İncəsənət Universiteti ildə aktyor ixtisası üzrə iyirmiyə yaxın kadr yetişdirirdi. Kadrlar da məcburi olaraq təyinatla gedirdilər respublikamızda fəaliyyət göstərən bütün teatrlara. Bu təyinatla da gənc kadrlar bütün təminatlarla təmin olunurdular. Bu gün təəssüf olsun ki, məcburi təyinat məsələsi ləğv olunub. Mədəniyyət və İncəsənət Universiteti yenə də həmin kadr potensialını kifayət qədər yetişdirir. Ancaq regionlara gəlmirlər. İndi özümüz teatrın nəzdində studiyalar açmağa, kadrlar yetişdirməyə məcburuq. Mingəçevir Dövlət Dram Teatrında "İnam" Teatr Studiyası fəaliyyət göstərir. Bu teatr studiyasına istedadlı səhnə ustası, xalq artisti Ella Yaqubova rəhbərlik edir. Biz gənc, perspektivli kadrları oraya dəvət edib, ən istedadlılarını seçib yetişdiririk. Bu istiqamətdə xalq artisti Ella Yaqubovanın xidmətləri böyükdür. Yalnız bu yolla kadr problemini qismən də olsa həll edə bilirik. Başqa cür mümkün deyil. Əsasən gənc aktrisalar sarıdan qıtlığımız var. Aktrisalarımız barmaqla sayılacaq qədərdir və bizi maraqlandıran odur ki, onlardan sonra səhnəyə kimlər gələcək. Sözsüz ki, bütün region teatrları və o cümlədən də Mingəçevir teatrı üçün hər zaman ali təhsilli kadr potensialına böyük ehtiyac var.    - Gənc kadrların region teatrlarına gəlmək istəməməklərinin səbəbini nədə görürsünüz?    - Gənc kadrların paytaxt teatrlarına üz tutmalarının bir səbəbi var. Burada təbii ki, daha tez tanınmaq və sözün həqiqi mənasında daha yaxşı pul qazanmaq imkanı əsas amildir. Ancaq bir sual yaranır: bu ixtisasa yiyələnən hər kəs paytaxt teatrlarında çalışa bilirmi? Əsla yox. Hər kəs də paytaxt teatrlarının səhnəsini görə bilmir. Bəs nə edirlər? Sadəcə olaraq, el şənliklərində klounluq və ya müəyyən əyləncəli proqramlarda iştirak etməklə, gündəlik maddi tələbatlarını ödəməyə çalışırlar. Bununla da əsl sənət qalır kənarda. Sadəcə bu, vəssalam.     - Mingəçevir tamaşaçıları teatra gəlirmi?    - Əlbəttə ki, gəlirlər. Baxırlar, hətta sonda aktyorlarımızla görüşüb fikirlərini də bölüşənlər olur. Bu gün canlı ünsiyyət vasitəsi olan teatra maraq böyükdür. Yetər ki, tamaşaçını maraqlandırıb, onu düşündürən əsərlər hazırlayasan. Bizim də çalışdığımız budur. Tamaşaçı teatra mütləq gəlməlidir. Tamaşaçısını itirən teatr heç zaman yaradıcılıq yolu keçə bilməz. Tamaşaçının teatra ehtiyacı var. Gərək yaxşı iş göstərəsən ki, tamaşaçı gəlsin. "Tamaşaçı teatra gəlmir" deyən teatrların özünü günahlandırıram, tamaşaçını yox. Gərək ortalığa bir iş qoyasan ki, o tamaşa da tamaşaçıları cəlb etsin. Bu da biz rejissorların üzərinə düşür.   - Bu gün hansı səpgidə daha çox tamaşaların hazırlanmasına ehtiyac var ki, tamaşaçını teatra cəlb etmək mümkün olsun?    - Ümumiyyətlə mən bir rejissor olaraq psixoloji pyeslərə müraciət etməyi daha çox sevirəm. Daxilimdə də buna daha çox ehtiyac duyuram. Bununla yanaşı, pyeslərdə daha çox obrazların sayının az olmasını istəyirəm. Səbəbdə budur ki, personajları çox olan psixoloji pyeslərə tamaşaçılar çətin baxır. Ancaq az personajlı pyeslər maraqla izlənilir. Bilirsiniz, psixoloji pyeslər, insan taleyi ilə bağlı olan əsərlər hər zaman baxılır. Sonda bir məqama xüsusi olaraq diqqəti cəlb etmək istəyirəm. Teatr müqəddəs sənət ocağıdır. Bəzən orada çalışan insanları sənətinin fədaisi, cəfakeşi adlandırırıq. Əslində, doğrudan da, bu, belədir. Az əmək haqqı ilə ömürlərini teatra həsr edən insanlar, sözün əsl mənasında sənətin fədailəridir. Bəzən paytaxtda fəaliyyət göstərən teatrların yaradıcı heyətini dövrü mətbuatda daha çox işıqlandırır, onların yaradıcılıqlarına daha çox üstünlük veririk. Region teatrlarında çalışan, Azərbaycan teatrı üçün canını fəda edən insanlar isə bir qədər kölgədə qalır. Təəssüf ki, bu da bir həqiqət və reallıqdır. Bu günlərdə 50 illik yubileyinə hazırlaşdığımız Mingəçevir Dövlət Dram Teatrında da bu kimi sənət fədailəri az deyil. Ömürlərini sənətə qurban edən bu insanlar əsl fədai və cəfakeşlərdir.