Səfir: "Azərbaycan Bolqarıstanın qaza tələbatının 1/3ni təmin edəcək"


Digərləri 12 Okt 2018 16:31:00 260 0

Səfir: "Azərbaycan Bolqarıstanın qaza tələbatının 1/3ni təmin edəcək"

"Azərbaycan Bolqarıstanda qaza olan tələbatın 1/3-ni təmin edəcək".

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu "John Batchelor" radioşousu zamanı Azərbaycanın Bolqarıstandakı səfiri Nərgiz Qurbanova deyib.

Diplomat bildirib ki, Azərbaycan və Bolqarıstan strateji tərəfdaşdırlar: "Azərbaycan Bolqarıstanın Qafqazda ən iri tərəfdaşıdır. Bu tərəfdaşlıq bir sıra sahələrdə sıx əməkdaşlığı nəzərdə tutur. Həmin sahələrdən biri də energetikadır. Energetika hazırda əməkdaşlıq üçün ən mühüm sektordur".

Səfir xatırladıb ki, 2013-cü ildə Azərbaycandan Bolqarıstana qaz resurslarının tədarükü haqqında saziş imzalanıb: "Hazırda biz bolqar tərəfdaşlarımızla sıx əməkdaşlıq edirik. Çox ümid edir və səbirsizliklə gözləyirik ki, Bolqarıstan bu tədarük üçün əsas elementi - Yunanıstan-Bolqarıstan interkonnektorunu inşa edəcək".

Onun sözlərinə görə, bu interkonnektorun 2019-cu ilin sonu - 2020-ci ilin əvvəlinə tam fəaliyyətə başlayacağı və Bolqarıstana 1 milyard kubmetr qaz tədarük etməyə imkan verəcəyi ehtimal olunur:

"Bolqarıstanda illik tələbatın 2,7-3 milyard kubmetr səviyyəsində olduğunu nəzərə alsaq, bu, çox ciddi həcmdir. Bu o deməkdir ki, Azərbaycan Bolqarıstanın qaza tələbatının 1/3-ni təmin edəcək".

N.Qurbanova deyib ki, bu yaxınlarda Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) Bolqarıstanın qazlaşdırılması prosesində iştiraka maraq göstərib:

"Bu gün Bolqarıstan ərazisinin cəmi 5 faizi qazlaşdırılıb. Hazırda SOCAR Azərbaycanın bu layihədə iştirak üçün hansı perspektivləri olduğunu dəqiqləşdirmək məqsədilə texniki-iqtisadi əsaslandırmanın hazırlanması imkanlarını araşdırır".

Qeyd edək ki, Yunanıstan-Bolqarıstan interkonnektoru (IGB) "Şahdəniz" yatağından Avropa bazarlarına qazın nəql olunacağı TAP boru kəmərinə qoşulacaq, bununla da Bolqarıstanın Azərbaycan qazı almasına imkan verəcək.