Əbülfəs Qarayev: Bakı mədəniyyətlərarası dialoq siyasətini dəstəkləyir


Digərləri 12 Okt 2018 14:44:00 288 0

Əbülfəs Qarayev: Bakı mədəniyyətlərarası dialoq siyasətini dəstəkləyir

Azərbaycan mədəniyyətlərarası dialoq siyasətini hərtərəfli dəstəkləyir və həyata keçirir.

Bakı. Azərbaycan mədəniyyətlərarası dialoq siyasətini hərtərəfli dəstəkləyir və həyata keçirir. Trend-in məlumatına görə, bunu Mərakeşin paytaxtı Rabatda Təhsil, Elm və Mədəniyyət Məsələləri üzrə İslam Təşkilatının (ISESCO) 13-cü konfransında iştirak edən Azərbaycanən mədəniyyət naziri Əbülfəs Qarayev TASS agentliyinə müsahibəsində bildirib. Ə.Qarayev qeyd edib ki, ölkəmizin siyasəti tolerantlığa, müxtəlif milli və dini icmaların mədəni dəyərlərini anlamağa və onlara hörmət bəsləməyə yönəlib: “Azərbaycan beynəlxalq təşkilatlarla, o cümlədən ISESCO ilə əməkdaşlığa çox ciddi yanaşır və bu təşkilatın fəal iştirakçısıdır. Biz çoxlu konfranslar, “dəyirmi masa”lar keçirir, təhsil proqramlarını reallaşdırırıq. ISESCO-nun bundan əvvəlki, 12-ci Baş Konfransı 2015-ci ildə Bakıda keçirilib. Bugünkü hesabat məruzəsində və nümayəndələrin çıxışlarında qeyd edildiyi kimi, həmin konfrans uğurlu olub”. Nazir vurğulayıb: “Bu gün Azərbaycan ISESCO-nun Baş Konfransının sədri səlahiyyətlərini təhvil verir, lakin fəal əməkdaşlığımız, əlbəttə, davam edəcək. Biz istəyirik ki, səsimiz eşidilsin, uğurlarımız hamıya məlum olsun. Təbii ki, biz sivilizasiyaların dialoqunun, mədəniyyətlərin dialoqunun inkişafına, ümumbəşəri dəyərlər naminə İslam aləmi ilə Qərb dünyasının bir-birini daha yaxşı anlamasına yönəlmiş siyasətimizi davam etdirəcəyik”. Onun sözlərinə görə, son üç ildə ISESCO-nun Baş Konfransına rəhbərlik edən Azərbaycan bir sıra iri tədbirlər keçirib. Nazir sözünə davam edərək deyib: “Məsələn, 2017-ci ildə Bakıda çoxsaylı iştirakçıları olan IV İslam Həmrəylik Oyunları keçirilib. Mənim fikrimcə, bu Oyunlar çox uğurlu olub”. Ə.Qarayev qeyd edib ki, Azərbaycan mədəniyyətlərarası dialoq siyasətini də hərtərəfli dəstəkləyir və həyata keçirir: "Azərbaycan Prezidenti İlham Əliyev 2008-ci ildə mədəniyyətlərarası dialoq çərçivəsində Qərb və Şərq dünyası arasında əlaqələrin həyata keçirilməsi təşəbbüsünü irəli sürüb. Biz mədəniyyətin müxtəlif sahələrini təmsil edən təşkilatları mədəniyyətlərarası dialoq üzrə ümumdünya forumunun həmtəsisçiləri kimi birləşdirməyə nail olduq. Tədbirin tərəfdaşları qismində ISESCO, Avropa Şurası, UNESCO, BMT Sivilizasiyalar Alyansı, Dünya Turizm Təşkilatı çıxış edirdi. Keçən ildən BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı da tərəfdaşlara qoşulub.