Bakıda 9 manata gözyaşardıcı qaz balonları satılır


Digərləri 12 Okt 2018 14:15:00 242 0

Bakıda 9 manata gözyaşardıcı qaz balonları satılır

Azərbaycanda gözyaşardıcı qazdan kimlər istifadə edə bilər, satışına icazə varmı?

Son.az bizimyol.info-ya istinadən xəbər verir ki, oktyabrın 10-da Hövsan qəsəbəsində yerləşən 76 saylı məktəbdə 6-cı sinif şagirdi öz sinif yoldaşlarının üzünə gözyaşardıcı qaz balonu püskürdüb. Hadisə zamanı 2-si oğlan, 7-si qız olmaqla şagirdlər Respublika Toksikologiya Mərkəzinə yerləşdiriliblər. Hadisə zamanı həm şagirdlər, həm də valideyn və müəllimlər böyük təşviş yaşayıblar.

Yayılan məlumatlarda qeyd olunur ki, şagird gözyaşardıcı qazı atasından alıb. Adıçəkilən məktəbin direktoru mətbuata verdiyi açıqlamada bildirib ki, hadisə ilə əlaqədar həm şagird, həm də atası saxlanılıb: "Həmin gözyaşardıcı qaz balonunu uşağa atası verib ki, kimsə sənə xəsarət yetirmək istəsə, özünü müdafiə edərsən. Şagird isə gözyaşardıcı qazı sinifdə uşaqlar arasında istifadə edib".

Qeyd edək ki, ölkəmizdə "Xidməti və Mülki Silah Haqqında" Qanuna görə, gözyaşardıcı qazın dövriyyəsi qadağandır. Qanuna əsasən, yalnız hüquq-mühafizə orqanlarının əməkdaşlarına bu qazdan istifadə etmək icazəsi verilib. Yəni vətəndaşın gözyaşardıcı qazdan istifadə etmək hüququ yoxdur. Çünki adıçəkilən qaz qısa müddətlik də olsa insana xəsarət yetirə bilir.

Lakin apardığımız araşdırmalardan belə məlum olur ki, dövriyyəsi qadağan olsa da, təhlükəsizlik məqsədilə bu cür qazların həm gizlin, həm də açıq-aşkar şəkildə, hər kəsin ala biləcəyi çox ucuz qiymətə satışı aparılır. Məsələn, elan saytlarının birində Amerika istehsal olan gözyaşardıcı qaz spreyinin 9 manata satıldığının şahidi olduq.

Bəs qadağan olduğu halda bu qaz necə əldə edilir? Ümumiyyətlə, gözyaşardıcı və yaxud bibər qazı nədir, onun insan sağlamlığına hansı ziyanları var?

İlk öncə, qeyd edək ki, gözyaşardıcı qaz - tərkibində lakrimator (yunanca "lakrime"- gözyaşı deməkdir) olan qıcıqlandırıcı maddədir. Onun tərkibində xrom (Cr), xlorosetafenon (CS, CN) maddələri daxildir. Gözyaşardıcı qaz gözün selikli qişasına və tənəffüs yollarına qıcıqlandırıcı təsir göstərir. Ondan ən çox kütləvi etirazlar, iğtişaşlar və ictimai təhlükə yaradan qanunsuz hərəkətlərin qarşısını almaq üçün istifadə olunur. Bu qaz öldürücü təsir göstərməyən silahlar qrupuna daxildir. Gözyaşardıcı qaz kimyəvi silahlar sırasına aiddir və beynəlxalq müqavilələrlə qadağan olunmayıb.

Gözyaşardıcı qazdan zəhərlənmək mümkündür. Zəhərlənmənin əlamətləri bunlardır: blefarospazm (göz qapaqlarının reflektor sıxılması), göz yaşının axması, burundan seliyin axması, dərinin qaşınması, asqırma və ürək bulanması.

Gözyaşardıcı qaz həmçinin ağciyərlərə təsir edir, onun artıq dozası ağciyərlərin şişməsinə gətirib çıxara bilər.