Nizami Gəncəvinin “İsgəndərnamə” poemasının “Şərəfnamə” əsəri özbək dilində çap edilib (FOTO)


Digərləri 12 Okt 2018 11:42:00 293 0

Nizami Gəncəvinin “İsgəndərnamə” poemasının “Şərəfnamə” əsəri özbək dilində çap edilib (FOTO)

Nizami Gəncəvinin “İsgəndərnamə” poemasının “Şərəfnamə” əsəri Daşkənddə özbək dilində çap edilib

Bakı. Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə dahi Azərbaycan şairi Nizami Gəncəvinin “İsgəndərnamə” poemasının birinci hissəsi olan “Şərəfnamə” əsəri Daşkənddəki “Zamin Nashr” nəşriyyatında özbək dilində çap edilib. Qeyd edək ki, "İsgəndərnamə"yə daxil olan “İqbalnamə” əsəri də 2017-ci ildə özbək dilinə tərcümə edilərək ayrıca kitab halında Daşkənddə çap olunub. Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzindən Trend-ə verilən məlumata görə, əsəri özbək dilinə Özbəkistanın Xalq şairi Camal Kamal tərcümə edib. Kitabın layihə rəhbəri Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov, məsul redaktor və “Ön söz”ünün müəllifi Əlişir Nəvai adına Daşkənd Dövlət Universitetinin professoru Nurboy Jabborov, redaktoru həmin Universitetin dossenti Gülbahar Aşurova, tərtibçi isə Azərbaycandan - filologiya elmləri namizədi Kərimula Məmmmədzadədir. Artıq Azərbaycan Mədəniyyət Mərkəzinin sifarişi ilə Camal Kamalın tərcüməsində “Sirlər xəzinəsi”, “Leyli və Məcnun” və “İsgəndərnamə” əsərləri özbək dilində Daşkənddə çap olunub. Camal Kamal tərəfindən artıq “Xosrov və Şirin” əsəri də özbək dilinə tərcümə edilərək, çap olunması məqsədi ilə Mərkəzə təqdim olunub.