Prezident İlham Əliyev: Bir dənə də şəhər qalmayacaq ki, orada ən müasir xəstəxana olmasın


Siyasət 11 Okt 2018 22:29:00 298 0

Prezident İlham Əliyev: Bir dənə də şəhər qalmayacaq ki, orada ən müasir xəstəxana olmasın

Azərbaycanda bir dənə də şəhər qalmayacaq ki, orada ən müasir xəstəxana olmasın.

Son.az Trend-ə istinadən bildirir ki, bunu Quba Rayon Mərkəzi Xəstəxanasının açılışında iştirak edən Azərbaycan Prezidenti İlham Əliyev səhiyyə ocağının kollektivi ilə görüşündə deyib.

lham Əliyev bildirib ki, bu gün Azərbaycanın bütün bölgələrində, hər bir rayonunda müasir tibb müəssisəsi yaradılıb və yaradılır: "Bu il altı şəhərdə yeni böyük xəstəxananın istifadəyə verilməsi nəzərdə tutulurdu. Artıq ikinci xəstəxana bu gün istifadəyə verilir. Bundan əvvəl Naftalan şəhər xəstəxanası istifadəyə verilmişdir. İlin sonuna qədər dörd xəstəxananın tikintisinin başa çatması nəzərdə tutulur. Gələn il dörd şəhər xəstəxanası istifadəyə veriləcək, yaxud da ki, tikintisi davam etdiriləcək. Beləliklə, Nəhayət, biz ölkəmizin səhiyyə sahəsinin maddi-texniki bazasının yaradılmasının tamamlanmasını görəcəyik. Bu, doğrudan da böyük hadisədir. Çünki bu gün ölkəmizdə göstərilən tibbi xidmətin səviyyəsi yüksəlir, imkanlar artır. Biz bu imkanlardan istifadə edib bu gün vətəndaşlara çox gözəl xidmət göstərə bilirik. Siz bilirsiniz ki, bir neçə ildir ölkəmizdə müayinədən keçmə - diaqnostika aparılır. Bu il beş milyondan çox insan bu imkanlardan istifadə edib. Onların bəzilərində olan xəstəliklər aşkarlanıb, onlara tibbi xidmət göstərilib, tövsiyələr verilib. Əgər ciddi xəstəlik varsa, onda onlar Bakı şəhərinə göndəriliblər".

Dövlət başçısı vurğulayıb ki, son 15 il ərzində Azərbaycanda 600-dən çox yeni tibb müəssisəsi tikilib və ya əsaslı şəkildə təmir edilib: "Bu, bizim insanların sağlamlığına verdiyimiz böyük töhfəmizdir. İnsanların sağlamlığı ən vacib məsələdir. Bu gün statistikaya, Dünya Səhiyyə Təşkilatının hesablamalarında Azərbaycanın artan reytinqinə baxdıqda görürük ki, bu sahədə çox yaxşı nəticələr var. Azərbaycanda insanların ömrünün uzunluğu artır, körpə-ana ölümü azalır. Əlbəttə ki, bu istiqamətdə daha da böyük addımlar atılacaq. Amma prinsipcə, səhiyyə sisteminin maddi bazasının yaradılması prosesi başa çatmaq üzrədir".