XİN: Beynəlxalq ictimaiyyət münaqişənin Azərbaycanın suverenliyi və ərazi bütövlüyü çərçivəsində həllini dəstəklədiyini bir daha təsdiq edir


Digərləri 11 Okt 2018 16:37:00 166 0

XİN: Beynəlxalq ictimaiyyət münaqişənin Azərbaycanın suverenliyi və ərazi bütövlüyü çərçivəsində həllini dəstəklədiyini bir daha təsdiq edir

ATƏT-in Minsk Qrupunun həmsədrlərinin də dəfələrlə bəyan etdikləri kimi status-kvo qəbul edilməzdir və dayanıqlı deyil

Bakı. "Almaniya Federativ Respublikasının (AFR) Hökumətinin Almaniya Bundestaqından ona ünvanlanan suala cavabında AFR Hökumətinin Ermənistan silahlı qüvvələrinin nəzarətində yerləşən Dağlıq Qarabağ regionu və yeddi ətraf rayonu Azərbaycanın tərkib hissəsi hesab edir və AFR hökuməti qondarma “Dağlıq Qarabağ Respublikasını” tanımır". Bunu Trend-ə Azərbaycan Xarici İşlər Nazirliyi AFR Hökumətinin Almaniya Bundestaqından gələn Almaniya-Ermənistan münasibətlərinə dair suala verdiyi cavab və ABŞ dövlət katibinin köməkçisinin müavini C.Kentin Bakıda mətbuat açıqlamasında Ermənistan-Azərbaycan münaqişəsinin həlli ilə bağlı səsləndirdiyi mövqeyə münasibətində deyib. Azərbaycan XİN bildirib: "Xatırlatmaq istərdik ki, Almaniya Federal Kansleri Angela Merkel ölkəmizə səfəri çərçivəsində eyni mövqeyi səsləndirərək Ermənistan-Azərbaycan münaqişəsinin BMT-nin Təhlükəsizlik Şurasının qərarları əsasında həlli səylərini dəstəklədiklərini vurğuladı. Həmçinin ABŞ dövlət katibinin köməkçisinin müavini Corc Kent Bakıya səfəri zamanı ABŞ-ın münaqişənin həlli ilə bağlı mövqeyini bir daha təkrar edərək, bu xüsusda münaqişənin BMT Təhlükəsizlik Şurasının məlum dörd qətnaməsi əsasında həllinin dəstəkləndiyini bəyan etdi. Hər iki bəyanat, beynəlxalq ictimaiyyətin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Nazirlər Kabinetinin sonuncu iclasında səsləndirdiyi kimi münaqişənin beynəlxalq hüququn norma və prinsipləri və Azərbaycanın suverenliyi və ərazi bütövlüyü çərçivəsində həllini dəstəklədiyini bir daha təsdiq edir". XİN-in məlumatına görə, beynəlxalq ictimaiyyətin bu sonuncu aydın mövqeyi Ermənistan rəhbərliyinə münaqişənin ən qısa zamanda dinc yolla həlli və işğal edilmiş Azərbaycan torpaqlarından silahlı qüvvələrin tez bir zamanda çıxarılmasına dair nəticələrə yönəlik danışıqlara geri dönmək və substantiv müzakirələrə başlamaqla bağlı güclü çağırışdır: "ATƏT-in Minsk Qrupunun həmsədrlərinin də dəfələrlə bəyan etdikləri kimi status-kvo qəbul edilməzdir və dayanıqlı deyil". Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin